Avropa İnsan Hüquqları Məhkəməsi 2022-ci ildə Azərbaycanı nə qədər cərimələyib?
Tarix: 28-12-2022, 14:57
2022-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş şikayətlər üzrə növbəti qərarını elan edib.
Civilazerbaijan.com bildirir ki, məhkəmə qətlə yetirilən yazıçı Rafiq Tağının həyat yoldaşının şikayəti üzrə qərarında Konvensiyanın 2-ci maddəsinin pozuntusunu tanıyıb və Azərbaycanı mənəvi zərər əvəzi 12 min, xərc və məsrəflərə görə 2 min avro cərimələyib.
Bundan sonra AİHM inzibati qaydada həbs edilən 9 ərizəçinin – Məmməd Balaməmmədov, Nuru Nuruzadə, Elton Əliyev, Toğrul İbrahim, Orxan Carçiyev, Ruslan Qarayev, Ülfət Həsənqarayev, Vüsal Tağızadə və Sahib Rüstəmlinin şikayətini də təmin edib.
Şikayətlərin hamısında Konvensiyanın 11-ci maddəsinin pozuntusu (toplaşmaq azadlığı) tanınıb və ərizəçilərin hər birinə 3000 avro (cəmi 27 min) təzminat ödənməsi qərarı çıxarılıb.
Yanvarda məhkəmə Azərbaycanı 15-dən çox ərizə üzrə 126 min avro cərimələyib.
Məhkəmənin fevralda Azərbaycandan göndərilmiş 6 ərizə üzrə 4 yekun qərarına əsasən, Azərbaycan ərizəçilərə daha 60 min manatdan artıq cərimə yazıb.
AİHM Türkiyə vətəndaşlarına görə də Azərbaycanı cərimələyib.
Məhkəmənin 4 şikayət üzrə çıxardığı qərara əsasən, hökumət daha 36 min avro cərimələnib.
“Natiq Cəfərov Azərbaycana qarşı” məhkəmə işində tərəflər dostca anlaşıb. Hökumət ərizəçiyə 3500 avro təzminat ödəyəcək.
Azərbaycan Vidadi İsgəndərliyə görə də təzminat ödəyəcək. Məhkəmənin martın 17-də çıxardığı qərarla hökumət hüquq müdafiəçisinə 3500 avro təzminat ödəməlidir.
Avropa Məhkəməsinin Azərbaycanla bağlı çıxardığı daha 4 qərarına əsasən, ölkə 23 mindən artıq təzminat ödəyəcək.
9 il 3 ay davam edən məhkəmə də AİHM-də bitib.
“Ramiz Cəfərov Azərbaycana qarşı” işi ilə bağlı hökumət ərizəçiyə 3 min avro təzminat ödəməlidir.
AİHM-in Azərbaycandan göndərilən daha 6 şikayətlə bağlı çıxardığı qərara əsasən, hökumət “Mustafa Hacılı və başqaları Azərbaycana qarşı” işinə görə 6 ərizəçinin hər birinə 4500 avro təzminat ödəyəcək. Hüquqi məsrəflərə görə 125 avro verilməlidir.
Daha sonra AİHM ““Azadlıq qəzeti” və Qənimət Zayidov Azərbaycana qarşı” işi ilə bağlı qərar çıxarıb. Hökuməti 1500 avro cərimələyib.
“Rövşən Əhmədli Azərbaycana qarşı” – işində isə AİHM ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun pozulduğuna qərar verib. Azərbaycana mənəvi zərər əvəzi 3600, xərc və məsrəflərə görə 500 avro cərimə kəsib. Avropa Məhkəməsi həmçinin jurnalistə görə də Azərbaycanı cərimələyib.
Məhkəmə “Fikrət İbişbəyli Azərbaycana qarşı” işi ilə bağlı hökuməti 3500 cərimələyib.
Qalan 4 işdə ərizəçi ilə dostca anlaşma olub. Məsələn, “Natiq İsbatov Azərbaycana qarşı” – işə görə ərizəçiyə 6000, “Ülviyyə Kərimova Azərbaycana qarşı” – işə görə 4100, “Qadir Mahmudov Azərbaycana qarşı” – işə görə 4100, “Xvorova Azərbaycana qarşı” – işə görə isə 3850 avro ödəyəcək.
Sentyabrda AİHM Azərbaycandan göndərilmiş 26 şikayət üzrə 5 qərarını elan edib. Məhkəmə həmin şikayətlərdən ikisini qəbuledilməz sayıb, digər işlərdə isə tərəflər dostca anlaşıb.
“Rəşidov Azərbaycana qarşı” işlə bağlı hökumət ərizəçiyə 3250 avro, “Sarıyev və 14 başqa ərizəçi Azərbaycana qarşı” işdə isə 15 ərizəçiyə mənəvi zərər əvəzi ümumilikdə 39 000 avro, xərc və məsrəflərə görə isə ümumilikdə 6000 avro ödəyəcək.
“Şahhüseynov və 7 başqa ərizəçi Azərbaycana qarşı” (59188/17) məhkəmə işinə görə isə hökumət 8 ərizəçiyə mənəvi zərər əvəzi ümumilikdə 20 800 avro, xərc və məsrəflərə görə isə ümumilikdə 1000 avro ödəyəcək.
Məhkəmənin Azərbaycanla bağlı qəbul etdiyi daha 4 qərarda – “Yadigar Sadıqlı Azərbaycana qarşı” işində hökumət 3500, “Xatirə Quliyeva Azərbaycana qarşı” işində 3500 avro, “Rafiq Səfərov Azərbaycana qarşı” işində isə 5000 avro təzminat ödəməlidir.
“Rəşid Rəhimov Azərbaycana qarşı” işi isə ərizəçiyə məxsus mülkiyyətin sökülməsi mübahisəsi ilə bağlı olub. Bu işə görə Azərbaycan 111.375 manat cərimələnib.
Eynulla Fətullayev də Avropa Məhkəməsində Azərbaycanı udub. Məhkəmə jurnalistə 4 min avro təzminat ödənməsi ilə bağlı qərar qəbul edib.
Avropa Məhkəməsinin Azərbaycanı 4500 avro cərimələdiyi daha bir il isə “Bəhruz Həsənov Azərbaycana qarşı” şikayətdir. Hökumət ərizəçiyə 4500 avro təzminat ödəməlidir.
Mayda AİHM Azərbaycanla bağlı daha 3 qərarını elan edib. Daha doğrusu, hər bir işdə tərəflər dostca anlaşıb.
“Hümeyir Əhmədov Azərbaycana qarşı” işidə hökumət 6 min, “Rəşad Niftəliyev və başqaları Azərbaycana qarşı” işindəki 5 ərizəçinin hər birinə isə 3 min avro ödəyəcək.
“Hüseynov və Mirqasımova Azərbaycana qarşı” işində isə hökumət birinci ərizəçiyə 2350, ikinci ərizəçiyə isə 3850 avro mənəvi zərər və xərclərin əvəzini ödəməlidir.
Noyabrda isə AİHM Azərbaycandan gedən 100-dən artıq şikayətə baxıb.
“Elman Ağayev Azərbaycana qarşı” məhkəmə işində tərəflər dostca anlaşıb. Anlaşmanın şərtlərinə görə, hökumət ərizəçiyə 8 min avro ödəməlidir.
“Leonid Moroz və başqaları Azərbaycana qarşı” – məhkəmə işində isə 5500 avro ödəmək öhdəliyi götürüb.
AİHM ilin sonunda Azərbaycandan göndərilən 4 bənzər ərizəni – müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Cabbar Savalanlı, Murad Ədilov və Müsavat Partiyası üzvləri Fərəc Kərimov, Sirac Kərimlinin ərizələrini birləşdirərək, birgə qərar çıxarıb (“Savalanlı və başqaları Azərbaycana qarşı”).
Məhkəmə bütün ərizəçilərə münasibətdə Konvensiyanın 5-ci maddəsinin (5.1 və 5.4) pozulduğuna qərar verib. Qərar qəti olduqdan sonra ərizəçilərin hər birinə 10 min avro mənəvi zərər əvəzi təzminat ödəməlidir.
Bundan əlavə, Fərəc və Sirac Kərimli işləri üzrə birlikdə xərc məsrəflərə görə 3 min, Murad Adilov işində isə xərc və məsrəflərə görə 2 min avro ödənilməlidir.
“Cavid Məmmədov Azərbaycana qarşı” işi də azadlıq və toxunulmazlıq hüququnun pozuntusu iddiaları ilə bağlıdır. Bu işdə tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət ərizəçiyə 3500 avro ödəyəcək.
Avropa Məhkəməsində gözlənən işlərin sayına görə, Azərbaycan 8-ci yerdədir. Rusiya AŞ-dan çıxarılandan sonra Türkiyə 1-ci yerə keçib. Buna qədər baxılması gözlənən işlərin sayına görə Rusiya birinci yerdə olub.
AİHM-in ən son, 2022-ci il oktyabrın 31-də açıqladığı məlumata görə, Türkiyə baxılması gərəkən 19 min 850 işlə ilk yerdədir.
İkinci yerdə Rusiya gəlir. Bu ölkədən gələn baxılması gərəkən şikayətlərin sayı 17 min 50-dir.
10 min 750 işlə Ukrayna 3-cü, 4 min 950 işlə Rumıniya 4-cü, 3 min 850 işlə İtaliya 5-ci, 2 min 850 işlə Yunanıstan 6-cı, 2 min 600 işlə Polşa 7-ci yerdədir.
Azərbaycan isə sıralamada 8-ci yerdə qərarlaşıb. Ölkədən göndərilən və qərar gözləyən işlərin sayı 2 min 200-dür. Azərbaycandan sonra, 9-cu yerdə 1700 şikayətlə Serbiya, 10-cu yerdə isə 1250 işlə Ermənistan gəlir.
“Aihmaz.org” yazır ki, Azərbaycandan AİHM-ə göndərilən, baxılmasını gözləyən şikayətlərin sayında artım tempi müşahidə olunur. Baxılmasını gözləyən 2200 ərizə əvvəlki illərin rəqəmləri ilə müqayisədə çoxdur. Sayt yazır ki, 2021-ci ilin sonunda Azərbaycandan göndərilmiş 2092, 2020-ci ilin sonunda 2040, 2019-cu ilin sonunda isə 1950 ərizə baxılmasını gözləyib.
Meydan TV-nin məlumatında qeyd olunur ki, göstərici üzrə Avropa Şurasına üzv ölkələr sıralamasında 8-ci olmaq qərar gözləyən işlərin artdığının göstəricisidir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər