Azərbaycan: 2022-ci ilin mühüm siyasi hadisələri
Tarix: 31-12-2022, 14:27
Turan İnformasiya Agentliyi 2022-ci ildə Azərbaycanda cərəyan edən mühüm siyasi hadisələr haqqında Mehman Əliyevin yazısını yayımlayıb.
Civilazerbaijan.com həmin məqaləni təqdim edir:
I. 18.01: Baş nazir Əli Əsədov 60%-lik ərzaq inflyasiyasının cilovlanması üçün fəaliyyət planının hazırlanması məqsədilə müşavirə keçirib.
II. 10.02: Prezident İlham Əliyev Rövnəq Abdullayevin SOCAR dövlət neft şirkətinin rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Onu Rövşən Nəcəf əvəz edib.
III. 14.02: Prezident Administrasiyasının heçmiş rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev istefa verib.
IV. 25.03: Azərbaycan hərbiçiləri Qarabağda Fərrux yüksəkliyini nəzarətləri altına götürüblər və erməni qoşunlarını oradan sıxışdırıb çıxarıblar.
V. 06.04: Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin iştirakı ilə prezident İlham Əliyevin baş nazir Nikol Paşinyanla görüşü keçirilib. Xarici işlər nazirlərinə gələcək sülh müqaviləsinin hazırlanması ilə məşğul olmağı tapşırmaq qərarına gəlinib.
VI. 15.07: Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Dövlət Gömrük Komitəsində həbslər həyata keçirib, bu həbslər həmin qurumun rəhbərlərinin dəyişməsinə gətirib çıxarıb.
VII. 26.08: Azərbaycan ordusu Laçına daxil olub və Zabux və Sus kəndlərini nəzarəti altına götürüb.
VIII. 09.09: Bakıda Azərbaycan-Rusiya-İran üçtərəfli hökumət görüşünün yekunlarına görə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı haqqında bəyannamə imzalayıb.
IX. 12-13.09: Ermənistan-Azərbaycan sərhədində Kəlbəcər və Laçın rayonları istiqamətində hərbi qarşıdurma baş verib, bu, hər iki tərəfdən yüzlərlə hərbi qulluqçunun həlak olmasına gətirib çıxarıb.
X. 03.12.22: Azərbaycanın ekoloji fəalları Laçın dəhlizini bağlayıblar.
2022-ci il Azərbaycanın siyasi həyatında iki nəzərəçarpan iz buraxıb – Ermənistan-Azərbaycan münasibətlərinin aydınlaşdırılması və hakimiyyətin kadr tərkibinin yenidən formalaşdırılması.
Azərbaycan və Ermənistan arasında münasibətlərin aydınlaşdırılması, - tərəflərin 2020-ci il müharibəsindən sonra yaranan mövqeyini məhz belə adlandırmaq olar, - ermənilər və azərbaycanlılar arasında əlaqələrin olduğu bütün istiqamətləri, o cümlədən danışıqlar, hərbi və mülki komponentləri əhatə edirdi. Yerevan və Bakı il ərzində siyasi və ictimai səviyyədə qarşılıqlı anlayış əldə etmək iqtidarında olmadıqlarını nümayiş etdiriblər. Yüksək səviyyədəki Brüssel və Moskva görüşləri, xalq diplomatiyasının dialoqları düşmənçilik amplitudasını azaltmayıb. Yerevanın Qarabağın ermənilər məskunlaşan ərazisini Azərbaycanın tərkibində tanımaması sülh müqaviləsinin imzalanması üçün əsas maneə olaraq qalır. Bir-birinə zidd olan bu iki xətt başa çatmaqda olan ilin mart və sentyabr aylarında Qarabağda və Ermənistan-Azərbaycan sərhədində dəfələrlə silahlı münaqişə şəklində toqquşub.
İlin yekun akkordu Laçın dəhlizinin Azərbaycanlı ekoloji fəallar tərəfindən bağlanması olub. Formal olaraq buna ermənilərin qanunsuz qızıl hasilatı həyata keçirməsi səbəb olub, amma reallıqda bu qeyri-zorakı aksiya Yerevan və Bakı arasında münasibətlərin aydınlaşdırılmasının yeni qeyri-hərbi mülki komponenti olub. Beynəlxalq ictimaiyyətin Laçındakı vəziyyətə lazımi reaksiyasının olmaması vasitəçilik rolunda çıxış edən ölkələrin Ermənistan-Azərbaycan münasibətlərini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlamağa meylli olduqlarını göstərə bilər. Bu, 2023-cü ildə danışıqlar prosesinə konstruktivlik gətirmək üçün kompromis əldə ediləcəyinə dəlalət edə bilər.
Başa çatmaqda olan ildə prezident Əliyev komandasını köhnə, günahkar məmurlardan təmizləməyə, onları Paşa ailə hiperholdinqinin ələyindən keçmiş şəxslərlə cavanlaşdırmağa davam edib. Vaxtilə Prezident Administrasiyasının qüdrətli rəhbəri olan, Elmlər Akademiyasının prezidenti kabinetindən hələ də proseslərə təsir etməyə çalışan Ramiz Mehdiyev siyasi həyatdan tamamilə kənarlaşdırılıb.
Dövlət Gömrük Komitəsində kadr dəyişiklikləri təsirini itirməsi ilə razılaşmayan Naxçıvan klanının bir hissəsinin maliyyə dəstəyinə ciddi zərbə vurub. Və nəhayət, ilin sonuna yaxın qüdrətli Naxçıvan “xanı” Vasif Talıbovun neytrallaşdırılması və təcrid olunmuş xüsusi ərazi kimi Naxçıvanın statusunun kiçildilməsi. Bu proseslər prezidentin yeni komandasının formalaşması və güclənməsi prosesini xeyli sürətləndirib. Bu komanda formalaşması əsnasında mədəniyyət naziri Anar Kərimov kimi yeni dalğanın etimadı doğrultmayan kadrlarından da təmizlənir. Yüksək eşelonun köhnə kadrlardan tamamilə təmizlənməsinin 2023-cü ildə başa çatacağını gözləmək olar.
2022-ci il həm də Avropanın enerji təhlükəsizliyi sistemində (iyulun 18-də Avropa Komissiyası 2027-ci ilə qədər Azərbaycan təbii qazının Avropaya idxalının ildə minimum 20 mlrd. kubmetrə qədər artırılması üçün Azərbaycanla energetika sahəsində strateji tərəfdaşlıq haqqında yeni Qarşılıqlı Anlaşma Memorandumu imzalayıb), regional logistikada (2022-ci il noyabrın 25-də Aktauda Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə Transxəzər dəhlizinin inkişafı ilə bağlı Yol Xəritəsi qəbul edib) və beynəlxalq regional formatlarda (noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının sammiti keçirilib, tədbirdə əsas müzakirə mövzusu “Türk sivilizasiyasının yeni erası – birlikdə birgə inkişafa və tərəqqiyə doğru” olub) Azərbaycanın rolunun artması ilə əlamətdar olub.
Amma ölkə daxilində hökumət 2021-ci ildə qeydə alınmış 60%-lik inflyasiyanı cilovlamaq iqtidarında olmayıb. Hökumətin ərzaq təhlükəsizliyi sahəsində ilin əvvəlində elan edilmiş tədbirlərinə baxmayaraq, qiymət artımı və sosial gərginlik artmaqda davam edib (yanvarın 18-də baş nazir Əli Əsədovun sədrliyi ilə ərzaq təhlükəsizliyi, qiymət artımı və onların cilovlanması üzrə qarşıda duran tədbirlərə həsr olunmuş müşavirə keçirilib. Ən qısa müddətdə “İnflyasiya əleyhinə tədbirlərin gücləndirilməsi haqqında” Tədbirlər Planı ilə bağlı təkliflər hazırlamaq tapşırılıb). İlin yekunları yaxın gələcəkdə sosial-iqtisadi vəziyyətin yaxşılaşacağını göstərmir.
Mehman Əliyev
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər