Qarabağda nə baş verir? Vardanyan həmişəlik gedibmi?

Xəbərin çap versiyası
Tarix: 10-02-2023, 12:56


"Qarabağın prezidenti və dövlət naziri” kimi təqdim olunan Arayik Arutyunyan və Ruben Vardanyan “blokadanı yararaq Moskvaya gediblər”.

Civilazerbaijan.com
bildirir ki, AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, bu informasiya artıq iki gündür nə təkzib, nə də təsdiq olunmadan dolaşmaqdadır.

Arayik Arutyunyanın mətbuat katibi Lusine Avanesyan deyib ki, “biz bu tip xəbərləri mətbuatda şərh etmirik”.

Azatutyun yazır ki, bu xəbəri Ruben Vardanyanın ofisində də şərh etməkdən boyun qaçırırlar. Lakin heç kəs xəbəri təkzib etmir.

“Qarabağ müxalifətçisi” kimi təqdim olunan Tiqran Petrosyan isə deyib ki, “Arayik Arutyunyan artıq qayıdıb, amma Ruben Vardanyan hələ Moskvadadır”.

Vardanyanın Qarabağdan necə çıxması barədə suala Petrosyan belə cavab verib: “Ola bilsin, Rusiya sülhməramlıları, ya da Qırmızı Xaçla gedib, dəqiq deyə bilmərəm. Amma burda olmaması dəqiqdir”.

Petrosyan bunu da əlavə edib ki, “prezidentlə dövlət naziri arasında çəkişmə var və elə buna görə də Moskvaya birlikdə yox, ayrı-ayrı gediblər”: “Yarış gedir, belə deyim. Arayik Arutyunyan gedib və qayıdıb, müxtəlif dairələrlə fəal görüşlər keçirir. Hamısı da Rubeni burdan rədd etmək üçündür”.

Vardanyan qayıdacaqmı?

Tiqran Petrosyanın sözlərinə görə indi Arutyunyanın komanda üzvləri şayiə yayırlar ki, Ruben Vardanyan ya qayıtmayacaq, ya da istefa ərizəsi ilə qayıdacaq:

“Məndə olan informasiyaya görə o Nikol Paşinyanla da görüşüb və Nikol Paşinyan da Ruben Vardanyana qarşı çıxır”.

Azatutyun yazır ki, Arutyunyanın komandasından olan qarabağlı deputat Aram Arutyunyan onun səfəri barədə danışmaq istəməyib.

Amma o deyib ki, Arutyunyanla Vardanyanın arasında, qarşıdurma, çəkişmə və ya düşmənçilik yoxdur:

“Hesab edirəm ki, bu şayiədir. Çünki Ruben Vardanyana Artsaxda (Qarabağ-red) vəzifəni Arayik Arutyunyan təklif edib. Heç bir daxili qarşıdurma yoxdur. Prezidentin (Arayik Arutyunyan-red) və Ruben Vardanyanın hansısa modellərə müxtəlif yanaşması ola bilər. Amma ümumilikdə düşmənçiliyə və ya hansısa mübarizəyə çevriləcək qarşıdurma yoxdur. Birmənalı yoxdur”.

Təxribatçı axtarışı

Azatutyun yazır ki, üç gün bundan əvvəl Arayik Arutyunyan “hüquq-mühafizə orqanlarının” nümayəndələri ilə görüşmüş və onlara Qarabağda daxili qeyri-sabitlik yaradanlara hüquqi qiymət verilməsini tapşırmışdı.

Bu barədə rəsmi məlumatda deyilirdi ki, “insanların obyektiv narazılığından istifadə edərək daxili parçalanmaya, düşmənçiliyin qızışdırılmasına və daxili sabitliyin pozulmasına yönəlmiş addımların qarşısı alınmalıdır”.

Aram Arutyunyan “təxribatla kim məşğul olur” sualına cavab olaraq deyib ki, Qarabağ üçün çətin olan belə günlərdə “müqəssir axtaran qeyri-parlament qrupları” var:

“Onlar cəmiyyətdə inamsızlıq yaratmaq məqsədilə belə fikir yayırlar ki, hansısa pullar mənimsənir və ya hansısa gizli razılaşmalar var”.

“Pul söhbəti”

Azatutyun yazır ki, müxalifətçi Tiqran Petrosyan bunun tam əksini iddia edir: “Cəmiyyətin parçalanması ilə məşğul olan Arayik Arutyunyandır. O illərdir ki, bu işlə məşğuldur”.

Petrosyan əmindir ki, Arayik Arutyunyanla Vardanyanın münasibətlərinin gərginləşməsinin səbəbi “ölkənin” gələcəyi yox, pullardır.

Tiqran Petrosyan bildirib ki, Vardanyanın təşəbbüsü ilə investisiyaların və kənd təsərrüfatının dəstəklənməsi fondlarında yoxlamalar keçirilmiş və külli məbləğdə sui-istifadələr aşkar olunmuşdu: “Arayik Arutyunyansız böyük pullar tərpənmir. Böyük kreditləri adamlara Arayik Arutyunyanın birbaşa göstərişi ilə verirdilər”.

Azatutyun yazır ki, Arayik Arutyunyan da sözü gedən görüşü zamanı “hüquq-mühafizə” işçilərinə bu fondların pullarını israf edənlərin tapılmasını tapşırmışdı.

Vardanyanı gözləyənlər də var

Azatutyun qeyd edir ki, Petrosyan Arayik Arutyunyanın həmin çıxışını “sirk” adlandırır və Vardanyanı gözlədiyini deyir. O bildirir ki, Vardanyan istefa ərizəsi ilə qayıtsa, onlar (müxalifət-red) sərt tədbirlərə əl atacaqlar.

Ruben Vardanyanın Qarabağda olmamasına dair söz-söhbət artıq bir neçə gündür ki, dolaşır.

Rəsmi Bakı Ruben Vardanyanın "Moksvanın adamı" olduğunu bildirir. Prezident İlham Əliyev onunla heç bir danışıq aparılmayacağını bəyan edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz