Avropa Parlamenti Azərbaycanla bağlı tənqidi hesabatı qəbul edib
Tarix: 15-03-2023, 21:51
Çərşənbə günü Avropa Parlamenti Azərbaycan üzrə məruzəçi xorvatiyalı deputat Jelyan Zobkonun hazırladığı “Aİ-Azərbaycan münasibətləri” adlı hesabatını səs çoxluğu ilə təsdiqləyib.
Civilazerbaijan.com bildirir ki, plenar iclasda və hesabat ətrafında müzakirələr zamanı deputatların əksəriyyəti Azərbaycan hakimiyyətini beynəlxalq öhdəlikləri, fundamental azadlıqları və insan hüquqlarını pozmaqda tənqid edib.
Hesabatda qeyd olunur ki, Aİ Rusiyanın Ukraynaya qarşı müharibəsi kontekstində Azərbaycanla enerji sektorunda əməkdaşlıq əsasında insan haqlarının və demokratiyanın əsaslarının pozulmasına göz yummamalıdır.
Deputatlar ifadə və media azadlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını, fundamental insan hüquqlarına hörmətin təmin edilməsini, siyasi məhbusların azad edilməsini istəyiblər.
Hesabatda Avropa İttifaqı insan haqlarını kobud şəkildə pozan Azərbaycan rəsmilərinə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağrılır.
Deputatlar Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün təmasları alqışlayıb, lakin sərhəddə zorakılığın artmasından narahat olduqlarını bildiriblər.
Deputatlar humanitar öhdəliklərin yerinə yetirilməsini və vətəndaşların Laçın dəhlizi ilə sərbəst hərəkətini təmin etməyə çağırıblar.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər