Nikol Paşinyan ermənilərin Bakı və Sumqayıta qayıtmasından danışır, Əliyev isə...

Xəbərin çap versiyası
Tarix: 16-03-2023, 19:49


Ermənilərin Hadrut, Şuşa, Xocavənd və Ağdərə, habelə Qarabağa bitişik Goranboy, Çaykənd, Laçın və başqa rayonlara qayıtmasının beynəlxalq mexanizmi işə salınmalıdır.

Civilazerbaijan.com
bildirir ki, AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bunu martın 16-da keçirilən hökumət müşavirəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Xarici İşlər Nazirliyinə BMT-nin qaçqınlarla iş üzrə ali komissarlığı ilə bununla bağlı rəsmi danışıqlara başlamağı tapşırıb.

Paşinyan vurğulayıb ki, bu beynəlxalq mexanizm 9 noyabr 2020-ci il üçtərəfli bəyanatında müəyyən olunsa da, hələ işə salınmayıb.

Sözü gedən bəyanatın 7-ci maddəsində deyilir:

“Müvəqqəti köçkünlər və qaçqınlar BMT Qaçqınlar üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağ və ona bitişik rayonların ərazisinə qaytarılır”.

Kirovabad, yəni Gəncə

Paşinyan daha sonra deyib:

“Yeri gəlmişkən Bakı, Şirvan, Sumqayıt, Kirovabad (Gəncə - red), Xanlar, Şamxor (Şəmkir – red), Naxçıvan və Azərbaycanın etnik təmizləməyə məruz qalmış başqa rayonlarının erməni nümayəndələri də dövlət orqanlarına müraciət edərək gileylənirlər ki, biz onların beynəlxalq sülhməramlı qüvvələrin müşayiəti ilə öz evlərinə qayıtması hüququ məsələsini qaldırmırıq”.

Ermənistan baş nazirinin sözlərinə görə “problem burasındadır” ki, 9 noyabr bəyanatının 7-ci bəndi yalnız Qarabağ və ona bitişik rayonların qaçqın və məcburi köçkünlərinə aiddir:

“...Amma bu əlbəttə ki, bu və ya digər rayonların etnik təmizləməyə məruz qalmış ermənilərinin təşkilatlanmasına və öz mülkiyyət hüquqlarını, qayıtma hüququnu və başqa hüquqlarını beynəlxalq məhkəmələrdə müdafiə etməsi üçün maneə yaratmır”.

Nikol Paşinyan habelə deyib ki, Ermənistan Azərbaycanın sülh müqaviləsi üzrə yeni təkliflərini alıb . O xatırladıb ki, bu, təkliflər mübadiləsinin dördüncü raundudur:

“Biz bu barədə qeydlərimizi ən yaxın zamanda müzakirə edib cavablandıracağıq”.

Baş nazir deyib ki, Yerevan sülh gündəliyinə sadiq qalır və ondan geri dönməyəcək.

Əliyev: “Ermənistan da Qərbi azərbaycanlıların hüquq... “

“Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların ( Ermənistandan qaçqın düşən-red) hüquq və təhlükəsizliyini təmin etməlidir”.

AZƏRTAC-ın xəbərinə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündəki çıxışında deyib.

O deyib ki, “Qərbi Azərbaycanda (Ermənistanda) etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər.”

Onun fikrincə, “onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar”.

İcmada birləşiblər

Prezident sözü gedən icmanın hazırladığı sənəddən danışıb:

“Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir. Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir”.

Ermənistandan deyilənlər…


Ermənistanın baş naziri Nikol Paşinyan isə martın 14-də demişdi ki, bu il fevralın ortasında sülh sazişinin mümkün layihəsinə növbəti reaksiyalarını Azərbaycana təqdim ediblər:

“2-3 gün öncə Azərbaycandan layihəmizə reaksiya almışıq”, – Paşinyan vurğulayıb.

O, detalları açıqlamayıb.

Onun deməsinə görə, Azərbaycan mümkün sülh sazişi vasitəsilə Ermənistan Respublikasına ərazi iddiaları formalaşdırmağa çalışır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz