Ararat Mirzoyan Ermənistanın sülh sazişi üzrə təkliflərini açıqlayıb

Xəbərin çap versiyası
Tarix: 24-03-2023, 13:22


Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Laçın dəhlizində yaranmış vəziyyətlə əlaqədar beynəlxalq ictimaiyyətin fəal iştirakının, BMT məhkəməsinin qərarının icrası üçün Azərbaycana təsir göstərməsinin vacibliyini vurğulayıb.

Civilazerbaijan.com bildirir ki, bu haqda AzadlıqRadiosunun erməni xidməti yazır.

“Ermənistan yerdəki vəziyyətin dəyərləndirilməsi üçün Dağlıq Qarabağ və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiya göndərmək çağırışı edib. Sirr deyil ki, belə bir missiyayla bağlı təklifi Azərbaycan dəfələrlə rədd edib, bu isə Azərbaycan rəhbərliyinin beynəlxalq ictimaiyyət qarşısında şəffaf və hesabatlı olmaq istəmədiyini aydın göstərir”, – Mirzoyan Misirin “AlQahera News” nəşrinə müsahibəsində deyib.

Beynəlxalq Ədalət Məhkəməsi fevralın 22-də Azərbaycan üzərinə Laçın dəhlizində azad hərəkəti təmin etmək öhdəliyi qoyub. Bu dəhliz Azərbaycanın Qarabağ regionunu Ermənistanla birləşdirir. Ermənistan ötən ilin dekabrından yolun blokadada olduğunu desə də, rəsmi Bakı bunu təkzib edir, dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Təkliflər mübadiləsi gedir

Sülh sazişi haqda suala cavabında Mirzoyan qeyd edib ki, 2022-ci ilin dekabrından tərəflər saziş layihəsi üzərində təkliflər mübadiləsi aparıb, əsas məsələlər üzrə ədalətli qərarlarin tapılması üçün irəli getməyə cəhd ediblər.

“Ermənistan tərəfinin təkliflərindən biri dövlət sərhədlərinin delimitasiyasının kriteriyalarını dəqiqləşdirməkdir. Digər təklif – silahlı qüvvələrin dövlət sərhədindən çəkilməsi, sərhəd boyunca hərbsizləşdirilmiş zona yaratmaqdır ki, bununla da etimad və təhlükəsizlik mexanizmi gücləndirilə, bu da öz növbəsində istənilən eskalasiyanın qarşısını ala bilər. Ən vacib məsələ isə Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə məşğul olacaq beynəlxalq mexanizmin olmasıdır”, – Mirzoyan bildirib.

Onun dediyinə görə, Ermənistanın səylərinin qarşılığında Azərbaycanın danışıqlar prosesinə barışmaz və maksimalist yanaşmasını, aqressiv davranışını müşahidə edirlər.

Paşinyanın bir gün öncəki ittihamları

Ermənistanın Baş naziri Nikol Paşinyan martın 23-də deyib ki, Azərbaycanla sülh sazişi indiyədək yüksək səviyyədə əldə olunmuş yazılı sənədlərə əsaslanmalıdır. Azərbaycanı provokasiyada ittiham edən Paşinyan Azərbaycanla sərhədlərin Bakının təqdim etdiyi tarixi xəritələr əsasında delimitasiyasına qarşı çıxıb. Onun sözlərinə görə, Azərbaycanın bu tələbi Praqa və Soçidə əldə olunmuş yazılı razılaşmalara ziddir.

Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə isə martın 23-də bildirib ki, Ermənistanın həqiqətən də Azərbaycana qarşı öz ərazi iddialarından əl çəkmək niyyəti varsa, “təcavüzkar ritorikadan” imtina etməlidir: “Ermənistan tərəfi bölgədə sülhdə maraqlıdırsa, Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına müdaxilə etməyə, buna əngəl törətmək cəhdlərinə son qoymalıdır".

Azərbaycan 2020-ci ildə 44 günlük müharibəylə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz