Azərbaycana qarşı başladılan hibrid müharibənin ilkin əlamətləri

Xəbərin çap versiyası
Tarix: 13-04-2023, 16:19


Siyasi şərhçi, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ötən ilin iyul ayında ASTNA-ya verdiyi müsahibə yerli mediada və sosial şəbəkələrdə sensasiyaya səbəb olmuşdu. Həmin müsahibəsində Ərəstun Oruclu bildirirdi ki, Rusiyada Azərbaycana qarşı diversant qruplar hazırlanır və həmin qruplar İranda təlimlər keçirlər. Siyasi şərhçi qeyd edirdi ki, Azərbaycan hədəfdədir. Ekspertin fikrinə görə, diversant qrupların məqsədi ölkə daxilində destabilizasiya yaratmaqdır. Son vaxtlar Azərbaycanda baş verənlərə diqqət etdikdə Ərəstun Oruclunun 9 ay əvvəl həmin müsahibədə dediyi fikirlər yada düşür. Ola bilərmi, Azərbaycanda sabitliyi pozmaq üçün artıq bir çox ölkələr düyməyə basıblar? Bu sualla Ərəstun Orucluya yenidən müraciət etdik.

Civilazerbaijan.com
ASTNA-ya istinadla siyasi şərhçi, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ilə müsahibəni təqdim edir:

- Ərəstun bəy, İran-Azərbaycan münasibətlərinin gərginləşməsinə səbəb olan - Tehranda Azərbaycan səfirliyinə hücum, deputat Fazil Mustafaya sui-qəsd kimi hadisələrdə Rusiyanın yaxından-uzaqdan hansısa əlaqəsi varmı?

- İlk baxışdan və baş verənlərə dar çərçivədən baxdıqda birbaşa əlaqə görünmür, amma unutmamalıyıq ki, Azərbaycanda və onun ətrafından baş verənlərə geniş pəncərədən, daha doğrusu, geosiyasi proseslər prizmasından baxmalıyıq. Bu da təbiidir, çünki Azərbaycan bu gün qlobal maraqların toqquşduğu və ya kəsişdiyi məkandadır. Həmin maraqları təmsil edən qarşı-qarşıya duran tərəflər də apardıqları mübarizədə əllərində olan bütün təsir vasitələrindən istifadə edirlər. Bu mənada da bölgədə ən çox fəallıq nümayiş etdirən Rusiya-İran tandemidir ki, onun da planları bəllidir. Rusiya ilə İran Azərbaycan üzərindən keçməsi nəzərdə tutulan Şimal-Cənub Nəqliyyat-Kommunikasiya Dəhlizinin reallaşmasına çalışırlar və həmin çalışmaların intensivliyi artdıqca Azərbaycana təzyiqlər də güclənir. Bu mənada da Azərbaycana göstərilən təzyiqlərin ikitərəfli razılaşdırılmış olmadığını söyləmək çətindir. Xüsusilə də bunların baş verəcəyi artıq xeyli əvvəldən məlum idi. İranın istər Azərbaycana, istərsə də bütövlükdə Cənubi Qafqaz regionuna yönəlik siyasətinin özfəaliyyətdən ibarət olmaq ehtimalının mümkünsüzlüyünü anladıqda və deyilənləri nəzərə aldıqda İranın Azərbaycana yönəlik addımlarının Rusiya ilə razılaşdırıldığını söyləyə bilərik.

- Xatırlayırsınızsa, ötən ilin iyul ayında sizinlə etdiyimiz müsahibədə sensasion açıqlamalar vermişdiz. Demişdiz ki, Azərbaycana qarşı qonşu ölkələrdə, xüsusən Rusiyada diversant qruplar yaradılır və həmin qruplar həm də İranda xüsusi təlimlər keçir. Deyirdiz ki, diversant qrupların məqsədi hər zaman ölkənin daxilində destabilizasiya yaratmaqdır. Ola bilərmi, artıq həmin dövrə gəlib çatmışıq? Artıq ölkədə sabitliyin pozulması üçün bu ölkələr düyməyə basıblar?

- Əlbəttə, həmin açıqlamaları yaxşı xatırlayıram və onlar ciddi mənbələrdən əldə olunmuş dəqiq məlumatlara əsaslanırdı. Bundan başqa təəssüflə deməliyəm ki, həmin proses elə bu gün də davam etməkdədir. Həmin dövrə yaxınlaşdığımızı desək daha dəqiq olarıq, çünki miqyaslı destabilizasiya cəhdləri hələ irəlidədir, indi görünənlər və yaşananlar isə necə deyərlər “ilk qaranquşlardır”. Əslində bütün destabilizasiyalar da elə həmin şəkildə başlayır: öncə hansısa ilk baxışdan bir-biri ilə heç bir əlaqəsi olmayan ayrı-ayrı hadisələr kimi baş verir, amma onları müxtəlif aspektlərdən əlaqələndirdikdə cəmiyyəti bir növ daha miqyaslı hadisələrə “hazırlamaq” məqsədi güdüldüyünü görmək olur. Məncə biz indi məhz həmin “hazırlıq” mərhələsinə daxil olmuşuq və elə ona görə də hazırki fazada yanlış hesablamalara və səhvlərə yol verə bilmərik.

- Həmin müsahibədən sitat: “Azərbaycanda istənilən hadisələrin baş verməsi mümkündür. Istər daxili sabitliyin pozulması, istər bu məqsədlə hansısa pozucu əməllərin (məsələn, hansısa siyasilərə, jurnalistlərə, tanınmış ictimai-siyasi xadimlərə sui-qəsdlərdən tutmuş, sosial tələblərlə başlayan, sonradan iğtişaşlara çevrilən proseslər) baş verməsi mümkündür. Qarabağ cəbhəsində aktivləşmə mümkündür. Azərbaycan- Rusiya sərhəddində hansısa münaqişə mümkündür. Yəni burda spektr olduqca genişdir. Konkret nə baş verəcəyini söyləmək çox çətindir. Bir neçə mümkün saydığım variantı səsləndirdim. Amma daha çox, daha fərqli və daha çeşidli hadisələr baş verə bilər. Bu təkcə Rusiya tərəfindən deyil, İran tərəfindən də baş verə bilər. Bu Azərbaycanın daxilindəki həmin o təxribatçı 5-ci kolonun təşəbbüsü, qızışdırılması, təhrikçiliyi ilə də baş verə bilər.” Tanınmış ictimai-siyasi xadimlərə sui-qəsd. Bunun artıq baş verdiyinin şahidiyik. Daha nələr ola bilər?


Ərəstun Oruclu

- Əslində, elə həmin vaxt qeyd etdiyim mümkün hadisələrdən bəziləri bu gün artıq baş verməkdədir və dediyim kimi, arsenalda daha nələrin olduğunu hesablayıb tapmaq üçün dərin kəşfiyyat tədbirləri həyata keçirilməli və analitik araşdırmalar aparılmalıdır. Belə görünür ki, o zaman sadalananların bir çoxunun əlamətləri artıq görünməkdədir. Məsələn, daxildəki təxribatlar və Qarabağın dağlıq hissəsində vəziyyətin süni şəkildə gərginləşdirilməsi. Amma bu gün görünən həm də hibrid fəaliyyətin əlamətləridir. Başqa sözlərlə desək, bir tərəfdən İran gərginlik yaradır, digər tərəfdən Rusiya 5-ci kolonu həmin gərginliyi artırmağa çalışır, üçüncü tərəfdən isə Rusiyanın özü Qarabağın dağlıq hissəsində separatçıların təxribatlarına şərait yaradır. Nəticədə biz Azərbaycana qarşı faktiki olaraq hibrid müharibənin başladılması cəhdinin ilkin əlamətlərini görürük. Bunu da unutmamalıyıq ki, Azərbaycan üzərindən öz geosiyasi maraqlarını reallaşdırmağa çalışanların arsenalında həm də asimmetrik müharibə metodu mövcuddur, xüsusilə də onun “proxy”lər tərəfindən aparılmasının şahidiyik. Həmin təhlükənin isə təkcə bir tərəfdən deyil, həm şimaldan, həm də cənubdan qaynaqlana biləcəyini nəzərə almalıyıq. Bütün bunlar təxəyyül məhsulu kimi də görünə bilər, amma istənilən halda ciddi profilaktik tədbirlərin görülməsi zəruridir.

- Konkret olaraq, İran Azərbaycandan nə istəyir? İranı narahat edən nədir?

- İranın Azərbaycanda istədikləri çoxdur, amma konkret dövrdə əsas məqsəd qeyd etdiyim Şimal-Cənub Dəhlizinin açılmasıdır. Problem isə bundadır ki, hətta həmin dəhliz açılacağı halda da onun işləyəcəyi şübhə doğurur. Xatırladım ki, Şimal-Cənub Dəhlizini Rusiya Şərq-Qərb dəhlizinə alternativ, həm də ikincini kəsmək yolu kimi nəzərdə tutur. Başqa sözlərlə ifadə etsək, Şimal-Cənub Dəhlizi Hindistandan başlayaraq Ərəbistan dənizi, İran, Azərbaycan, Qazaxıstan və Rusiya üzərindən keçməklə Baltik dənizinə çıxmalıdır ki, Hind-Çin yarımadası ölkələri ilə Avropa arasında ticari əlaqələri təmin etsin. Amma sual budur ki, ciddi sanksiyalar tətbiq olunmuş iki ölkənin (Rusiya və İran) Avropaya yol açması, daşımalar təmin etməsi nə dərəcədə mümkündür? Başqa bir sual isə budur ki, Çin Hindistan üzərindən daşımaların həyata keçirilməsinə nə dərəcədə razılaşa bilər? Təbii ki, hər iki halda cavab mənfidir və deməli, həmin dəhlizin özünün perspektivi də dumanlı görünür. Bu da öz növbəsində Azərbaycanı və Qazaxıstanı Şərq-Qərb Dəhlizinə, əsasən də onun bir hissəsi olan Orta Dəhlizə maraq göstərməyə sövq edir. Bu isə nə İranın, nə də Rusiyanın maraqlarına cavab vermir.İstər İranda, istərsə də Rusiyada bu istiqamətdə artıq konkret işlər görülməkdədir. Məsələn, Rusiyada artıq Volqa-Don Kanalının dərinliyini 2 metrədək artırıblar, İran ərazisində isə dəmir yollarının və digər nəqliyyat infrastrukturunun genişləndirilməsi işlər aparılır. Bütün bu işlərin qarşısında da həmin layihədə iştiraka birmənalı münasibət bildirməyən Azərbaycan mövcuddur. Elə ölkəmizdə və onun ətrafında baş verənlər də bundan qaynaqlanır.

- Bu gərginlik müharibəyə gətirib çıxara bilərmi?

- Nəzəri baxımdan hadisələrin hər cür inkişafı mümkündür, amma praktiki olaraq İran yalnız bircə halda buna əl ata bilər: Rusiya “İran təcavüzünün qarşısını almaq” adı altında Cənubi Qafqaza, xüsusilə də Azərbaycana hərbi qüvvə yeritməyə hazır və İranı qorumaqda qətiyyətli olarsa. Amma bunun nə dərəcədə mümkün olması özü də ciddi suallar doğurur. Əvvəla, bu halda Azərbaycanın özünün müqavimətini və onun müttəfiqi Türkiyənin hansı addımlar ata biləcəyini nəzərə almamaq mümkün olmazdı. Digər tərəfdən də Tehran onunla mürəkkəb münasibətlərdə olan və İranın hər hansı “səhvə” yol verməsini gözləyən çoxsaylı dövlətlərin mümkün reaksiyasını nəzərə almalı olacaq. Burada isə İran üçün mövcud olan risklər Azərbaycan üçün yarana biləcək təhdidlərdən dəfələrlə yüksəkdir. Odur ki, Azərbaycana qarşı hər hansı miqyaslı hərbi kampaniyaya başlamaq Tehran üçün intihara bərabər olardı.

- Azərbaycan İranın və Rusiyanın bu siyasətinə qarşı mübarizə aparmaq üçün həm daxildə, həm xaricdə hansı addımlar atmalıdır? Doğrudur, son vaxtlar İranın 5-ci kolonuna qarşı “casus ovu” adı altında əməliyyatlar aparılır. Amma daha çox inanclı kəsimə qarşı gedir bu əməliyyat. Və onların bir çoxuna qarşı başqa ittihamlar irəli sürülür. Sizcə, addımlar necə atılmalıdır ki, günahsız vətəndaş bu prosesdən əziyyət çəkməsin?

- Azərbaycan ilk növbədə öz müttəfiqləri və potensial tərəfdaşları ilə intensiv məsləhətləşmələr aparmalı və hər cür ekstremal şəraitlərə hazırlaşmalıdır. Bundan başqa bütün mümkün təhlükələr barədə beynəlxalq institutlarlarla onları məlumatlandırmaq məqsədilə daimi əlaqə yaradılmalıdır. Ölkəyə xaricdən müxtəlif “proxy” qrupların yerləşdirilməsinin qarşısını almaq üçün sərhədlərin möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atılmalıdır. Daxildəki 5-ci kolonlar ciddi nəzarət altına alınmalı və mümkün qədər neytrallaşdırılmalıdır. Bu mənada inanclı kəsimə qarşı aparılan casus ovu daha çox xofyaratma əməliyyatı kimi görünür. Xüsusilə də saxlanılanlara qarşı media məkanında aparılan məqsədyönlü təbliğat və təqsirsizlik prezumpsiyası prinsipinə etinasızlıq. Azərbaycanda İran casuslarının böyük şəbəkəsinin olması heç kəsə sirr deyil, amma bu gün onların zərəsizləşdirilməsi istiqamətində atıldığı deyilən addımlar əks effekt də doğura bilər. Çünki həmin addımlar yalnız həqiqətən casusluq fəaliyyətilə məşğul olanlar ifşa edildikdə səmərəli olur. Bunun üçün isə ortada konkret əməllər, ciddi sübut və dəlillər olmalıdır. Hazırda atılan addımlar isə səmərəli olmaqdan daha çox dindarlar arasında xof yaratmaq cəhdi kimi görünür. Belə addımlar isə öz növbəsində inanclı kəsimdə dövlətə etimadı və güvəni daha da azaldır, onlar dövləti özlərinə təhlükə mənbəyi kimi görməyə başlayırlar və beləliklə də asanlıqla Azərbaycanda sabitliyi pozmaqda maraqlı olan xarici qüvvələrin təsiri altına düşürlər. Sadalanan risklərlə və təhdidlərlə üz-üzə olan ölkəyə isə bunun tam əksi lazımdır: dövlət-vətəndaş münasibətlərində etimad, daxili birlik və xarici təhdidlərə qarşı səfərbərlik.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz