Deputat Səttar Möhbalıyevin dələduzluq ittihamı üzrə məhkəmədə dindirilməsi tələb olunur

Xəbərin çap versiyası
Tarix: 20-04-2023, 13:28


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin dələduzluqla bağlı cinayət işi üzrə dindirilməsi tələb olunur.

Civilazerbaijan.com
bildirir ki, bu tələb Bakı Ağır Cinayətlər Məhkəməsində “Məhsul” stadionunun keçmiş direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyevin işi üzrə məhkəmə iclasında səslənib.

Adları çəkilən şəxslərin işinə Fərid Namazovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Onlar “Məhsul”u bina tikintisiylə məşğul olan iş adamlarına satmaq adıyla onları aldadıb, pullarını ələ keçirməkdə ittiham olunur.

5 nəfər - Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və Yusif Vəlixanov zərərçəkmiş qismində tanınıb.

Dadaş Umbatov məhkəməyə ərizə verib, mülki iddiaçı qismində tanınmasını istəyib. O bildirib ki, 360 min 200 manat ziyana düşüb, bu vəsaiti təqsirləndirilən Alik Həsənovun ödənilməsini xahiş edir.

Məhkəmə onun mülki iddiasını qəbul edib. İddianın təmin olunub-olunmamasına məhkəmənin sonunda qərar veriləcək.

Zərərçəkənlərdən Elçin Rüstəmov və Yusif Vəlixanov məhkəməyə gəlməyib. Lakin Elçin Rüstəmovun nümayəndəsi və vəkili Aslan İsmayılov iştirak edib. O, çıxışında istintaqdan narazılıq edib. Deyib ki, prokurorluq yetərincə araşdırma aparmayıb, əsas günahkarı gizlədib. Məsələn, Nadir Əliyev ifadəsində də, üzləşmədə də zərərçəkəndən aldığı pulu deputat Səttar Möhbalıyevə verdiyini deyib. İşin içində bu haqda ifadələr olmasına baxmayaraq, prokurorluq onu çağırıb dindirməyib.

“Heç olmasa, məhkəmə onu çağırıb dindirsin. Əgər məhkəmə də bu vəsatəti təmin etməsə, deməli, bu ölkədə hüquq yoxdur. Çünki bu işlərin əsas təşkilatçısı odur. Ali Məhkəmədə sədr yenə Ramiz Rzayev olsaydı, mən heç bu vəsatəti verməyəcəkdim. Çünki onun bir zəngilə Ramiz Rzayev ayağa qalxan adam idi…”, – Aslan İsmayılov vəsatətini əsaslandırarkən bildirib.

Təqsirləndirilən şəxslərin vəkilləri də bu vəsatəti müdafiə edib: “Kimlərsə milyonlar qazanır, amma Nadir İsmayılov 80 yaşında həbsdədir. Niyə?”

Lakin hakimlər deputatın məhkəməyə çağırılıb dindirilməsi barədə vəsatəti təmin etməyib.

Aslan İsmayılov iki zərərçəkmişin iştirakı olmadan məhkəmənin davam etdirilməsinə etiraz edib. Bu səbəbdən məhkəmə prosesi təxirə salınıb.

Alik Həsənov və Nadir Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.

Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Meydan TV-nin məlumatında qeyd olunur ki, Səttar Möhbalıyevin adı bir neçə il əvvəl Qarabağ əlili Zaur Həsənovun intiharında hallanırdı. Deputat tərəfindən əmlakının əlindən alındığını iddia edən Zaur Həsənov Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında özünü yandırmış, xəstəxanaya çatdırılsa da, orada vəfat etmişdi.

Stadion ərazisinin satılması məsələsiylə əlaqədar ünvanına səslənən ittihamlara Səttar Möhbalıyevdən münasibət öyrənmək mümkün olmayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz