Gədəbəydə etiraz aksiyası: xəsarət alanlar və saxlanılanlar var - VİDEO

Xəbərin çap versiyası
Tarix: 21-06-2023, 15:02


Gədəbəyin Söyüdlü sakinləri çərşənə günü aksiya keçirib. Onlar ötən günki aksiyada saxlanılanların sərbəst buraxılması üçün rayon polis idarəsinə doğru yürüş etməyə çalışıblar. Lakin polis sakinlərə maneə olub.

Civilazerbaijan.com
bildirir ki, hadisə yerində olan BBC müxbirinin məlumatına görə, polis kəndin çıxışında dayanaraq sakinlərin kəndi tərk etməsinin qarşısını alıb.

Hadisə yerinə Gədəbəy Rayon İcra Hakimiyyəti rəhbərliyi gələrək sakinlərə onları narahat edən problemləri müzakirə etməyi təklif edib. Sakinlər rayon rəhbərliyi ilə görüşüb onları narahat edən problmləri rayon rəhbərliyinə çatdırıblar.

Ötən gün baş verən aksiyada 7 nəfər Söyüdlü sakini saxlanılıb, onlara 20 sutkalıq həbs verilib, kənd sakinləri bildirib.

İyunun 20-də Gədəbəydə qızıl mədəninin tullantıxanasının ləğvini tələb edən Söyüdlü kənd sakinləri ilə polis arasında qarşıdurma baş verib.



Bu qarşıdurmanı əks etdirən və sosial mediada yayılmış videolarda polisin etirazçıların gözlərinə nəsə sıxdığı görünür. Sakinlər BBC-yə bunun gözyaşardıcı qaz olduğunu deyiblər.

Daxili İşlər Nazirliyi bildirib ki, Gədəbəyin Söyüdlü kəndində polis "emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib və bunu qəbul edirik".

DİN sözçüsü Elşad Hacıyev bildirib ki, onun əməlinə hüquqi qiymət veriləcəkdir.



Bundan əvvəl Elşad Hacıyev BBC Azərbaycancaya bildirmişdi ki, videogörüntülərdə "polis əməkdaşının qadınlardan birinə gözyaşardıcı qaz tətbiq etməsi ilə əlaqədar DİN-in bir qrup əməkdaşı Gədəbəyə ezam olunub".

Daxili İşlər Nazirliyi ötən gün Gədəbəydə baş vermiş aksiya ilə bağlı yaydığı açıqlamada bildirib ki, Söyüdlüdə bir qrup şəxsə "qeyd olunan əraziyə dəfələrlə xəbərdarlıq edilməsinə, izahedici söhbətlər aparılmasına baxmayaraq toplaşıblar".

"Həmin şəxslər polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetirib və polis əməkdaşlarına qarşı müqavimət göstərməyə cəhd ediblər", açıqlamada deyilir.

Kənd camaatı isə BBC müxbiri ilə söhbətində nazirliyin açıqlamasını təkzib edib. Sakinlər bildirib ki, onlar heç bir zorakılığa yol verməyiblər.



Söyüdlü sakinlərinin şüarları

BBC müxbiri xəbər verir ki, hazırda sakinlər əllərində "Gələcək nəsil xəstə böyüyür", "Gədəbəy, Şəmkir, Tovuz, Qazax, Gəncə, Goranboy, hətta Bakı təhlükə altındadır", "Təbiətin səsi çıxmır, çünki təbiət ölür", "Bu mübrizə bütöv bir millətin mübarizəsidir, tək Gədəbəyin yox" kimi müxtəlif şüarlar yazılan plakatlar qaldırıblar.



Onlar dünənki aksiyada saxlanılanların azad olunmasını tələb edirlər. Sakinlər "geri çəkilməyəcəklərini", süni gölün tikilməsinə imkan verməyəcəklərini deyirlər.

"Bura bizim örüş yerimizdir, biz mal-qaramızı harada otaraq?" deyə sakinlər BBC müxbirinə bildiriblər.



Çərşənbə günü səhər saatlarında BBC müxbiri ilə telefonla danışan və adının açıqlanmasını istəməyən bir sakin BBC-yə demişdi ki, "Kəndin ağsaqqalları yığışıb məsələ ilə bağlı öz aralarında söhbət etdilər. Qərara gəlmişik ki, geri çəkilək. Çünki gücümüz çatmır. Ora gedən kimi polisləri tökürlər, camaatı vururlar, qadınlara əl qaldırırlar".

Onun sözlərinə görə, ötən gün baş vermiş etirazdan sonra saxlanılanlardan biri kəndin 80 yaşlı ağsaqqalı olub.

"Məhkəmə qərarı ilə onu 1500 manat cərimə edib, buraxıblar", kənd sakini deyib. O bildirib ki, saxlanılan digər şəxslər haqda hansı qərar verildiyi ilə bağlı sakinlərdə məlumat yoxdur: "Amma deyilənə görə, polis bölmədə onlardan birini dəyənəklə vuraraq ayağını sındırıb".

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev BBC-yə deyib ki, hazırda saxlananlarla bağlı hər hansı bir məlumat yoxdur. O əlavə edib ki, Gədəbəy rayonuna ezam olunan DİN əməkdaşları müvafiq xidməti yoxlama apardıqdan sonra məlumat verəcəklər.

Ötən gün Söyüdlü sakinlərinin bildirdiyinə görə, polis kəndlilərin etirazını dağıtmaq üçün gözyaşardıcı qazdan, rezin güllədən istifadə edib.

Daxili İşlər Nazirliyi bildirib ki, sakinlər süni gölün tikintisinə qanunsuz müdaxilə ediblər.




civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz