Azərbaycanlı alim Türkiyədə saxlanılaraq Bakıya gətirilib

Xəbərin çap versiyası
Tarix: 8-08-2023, 13:26


Sosial şəbələlərdə yayılan məlumata görə, azərbaycanlı alim Fazil Qasımov Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib.

Civilazerbaijan.com
bildirir ki, məlumatı avqustun 8-də Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti təsdiqləyib.

Bildirilib ki, cinayət işi ilə əlaqədar axtarışda olan F.Qasımov ölkəyə gətirilərək DİN əməkdaşları tərəfindən həbs olunaraq istintaqa təhvil verilib.

İxtisasca iqtisadçı olan F.Qasımov Niderlandda Tilburq Universitetində təhsil alıb. O, həmçinin 2019-cu ildən Türkiyə Cümhuriyyətinin İstanbul Universitetinin doktorantıdır. Qasımovun Türkiyədə yaşamaq icazəsinin olduğu da bildirilib.

Qeyd edək ki, Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur. Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı.

Meydan TV-nin məlumatında qeyd olunur ki, FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb. Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb. Ofisdən 40 min dollar pul tapıldığı iddia olunur. Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən siyasi sifarişlə həbs olunduğunu bildirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz