Qubad İbadoğluna qarşı yeni ittiham irəli sürülüb

Xəbərin çap versiyası
Tarix: 26-08-2023, 13:07


Həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna qarşı yeni ittiham irəli sürülüb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Turana siyasətçinin qızı Jalə Bayramova məlumat verib.

Onun sözlərinə görə, Q.İbadoğluna qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb: "Güya ofisdən axtarış zamanı Fətullah Gülənə aid kitablar çıxdı. Amma bu cəfəngiyatdır. Çünki axtarış olanda sənədləri torbaya yığıblar və adbaad qeyd etmədilər".

Onun sözlərinə görə, ofisdən aparılan sənədlərin, əşyaların adları protokolda əksini tapmadı: "Belə olan halda özləri nəyisə qoyub atamın adına rahat yaza bilirlər. Bizə bir işarə də edirlər ki, onlar terrorizmi də, silahlı qruplaşmanı da ittihama salmaq istəyirlər. Bütün bunlar artan beynəlxalq dəstəyin fonunda baş verir. Amma bütün bu ittihamlar gülməli səslənir".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu iyulun 23-də həbs olunub.

Onun barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz