Azərbaycan-Ermənistan sərhədində atışmar: ölənlər və yaralananlar var
Tarix: 1-09-2023, 13:16
Azərbaycan-Ermənistan sərhədində cümə günü səhər saatlarında başlayan atışma davam edir, hər iki tərəfin son məlumatında bildirilir. Bu gün başlamış atışmada ölən və yaralananlar var, Azərbaycan və Ermənistan müdafiə nazirlikləri açıqlayıb.
Civilazerbaijan.com bildirir ki, Azərbaycan Müdafiə Nazirliyi üç hərbi qulluqçusunun yaralandığını, Ermənistan Müdafiə Nazirliyi isə iki hərbçisinin həlak olduğunu açıqlayıb.
Tərəflər atışmaya görə bir-birini ittiham edir.
"Ermənistan Kəlbəcərlə sərhəddəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə yığır", - Azərbaycan Müdafiə Nazirliyi son açıqlamasında bildirib.
Ermənistan MN isə Azərbaycanın Ermənistanın sərhədə silah-sursat və canlı qüvvə yığması xəbərini “propaqanda" adlandırıb. Qurum Azərbaycanın bu xəbərləri yaymaqla “öz təxribatını davam etdirmək üçün “əsas” yaratdığını iddia edib.
Bundan əvvəl isə Ermənistan MN yaydığı məlumatda bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin “Sotk yaxınlığındakı erməni hərbi mövqelərinə doğru açdığı atəşin intensivliyi azalıb”.
“Ermənistanın törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə bu ölkənin üzərinə düşür”, - Azərbaycan XİN cümə günü yaydığı bəyanatda bildirib.
Rəsmi Bakı bəyan edir ki, Azərbaycan "bundan sonra da bu kimi təxribatların qarşısının alınması üçün bütün lazımi tədbirləri görəcək”.
Ermənistan Müdafiə Nazirliyi cümə günü yaydığı bəyanatında bildirib ki, Azərbaycanın Sotk istiqamətində sərhəd bölmələrini "atıcı silahlardan və minaatanlardan güclü atəşə tutması nəticəsində iki hərbçisi həlak olub, biri yaralanıb”.
Bundan əvvəl, Azərbaycan MN sentyabrın 1-də səhər saatlarında bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində bir hərbçi yaralanıb. “Azərbaycan ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib və nəticədə daha iki hərbçi yaralanıb”, - deyə Azərbaycan MN əlavə edib ki, cavab tədbiri görülür, BBC-nin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər