Rusiya sülhməramlılarının Qarabağdan çıxma tarixi müzakirə olunacaq

Xəbərin çap versiyası
Tarix: 6-10-2023, 14:44


Bu gün – oktyabrın 6-da Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Yerevana gedərək Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxma vaxtını müzakirə edəcək.

Civilazerbaijan.com
bildirir ki, bu haqda TASS diplomatik mənbəyə istinadla yazır.

"Ermənistan tərəfi ilə Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdan çıxmasının konkret vaxtı müzakirə olunacaq", – mənbə deyib.

Qarabağa Rusiya hərbçiləri Azərbaycanla Ermənistan arasında 2020-ci ilin 9 noyabr atəşkəs bəyanatına əsasən yerləşdirilib. Beş illik kontingentin qalma müddəti tərəflərdən heç biri etiraz etməzsə, vaxtın bitməsinə altı ay qalmış avtomatik uzadılır.

Bu il sentyabrın 19-da Bakı Qarabağda "antiterror tədbirləri" elan edib. Bir gün sonra tərəflər atəşkəs üzrə razılığa gəlib, Qarabağdakı silahlıların tərksilah olunması razılaşdırılıb. Bundan sonra Qarabağın erməni sakinləri regionu tərk etməyə başlayıb, separatçı rejim özünü buraxdığını açıqlayıb.

Rusiya sülhməramlı kontingenti Qarabağdakı müşahidə postlarını yığışdırıb

Rusiya sülhməramlı qüvvələri Qarabağda keçmiş təmas xətti boyunca müvəqqəti müşahidə postlarının yığışdırılmasını başa çatdırıb.

Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir: "Əsgəran, Mardakert (Ağdərə) və Şuşa rayonlarındakı keçmiş təmas xətti boyunca müvəqqəti müşahidə postlarının yığışdırılması başa çatıb".

Lakin nazirlik bunu da bildirir ki, sülhməramlılar təhlükəsizliyin və dinc əhaliyə münasibətdə humanitar hüququn təminatı üçün regionda vəzifələrinin icrasını davam etdirir.

Məlumatda deyilir ki, Qarabağdakı hərbi birləşmələrdən alınmış silahların, hərbi texnikanın hesablanması davam etdirilir. Bu silahların saxlandığı anbarlara Rusiya və Azərbaycan hərbçilərinin birgə patrulu keşik çəkir, AzadlıqRadiosunun məlumatında qeyd olunur.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova demişdi ki, Rusiya sülhməramlılarının regionda qalma müddəti oradakı vəziyyətdən asılı olaraq Moskva və Bakı tərəfindən müəyyənləşdiriləcək.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz