Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana dair yeni qərarlarını elan edib

Xəbərin çap versiyası
Tarix: 6-10-2023, 16:18


Oktyabrın 5-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı bir sıra ərizələr üzrə yekun qərar və qərardadlarını elan edib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə hüquqşünas Xalid Ağalıyev məlumat verib.

“Rəşad Həsənov və başqaları Azərbaycana qarşı” iş NİDA Vətəndaş Hərəkatının üzvləri olan ərizəçilərin (Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov və Zaur Qurbanlı) qanunsuz silah saxlama və kütləvi iğtişaşlar törətməkdə ittiham edilib, cinayət məsuliyyətinə cəlb olunmaları ilə bağlıdır.

Ərizəçilər onlara qarşı cinayət işinin uydurma olduğunu və onların mühakimə olunmasının ifadə və dinc toplaşmaq azadlığı hüquqlarına qanunsuz müdaxilə təşkil etdiyini iddia edirdilər.

Bu ərizənin kommunikasiyası zamanı hökumət Avropa İnsan Hüquqları Məhkəməsinə ərizəçilərin məruz qaldıqları pozuntuların aradan qaldırıldığını bildirib.

Belə ki, ərizəçilərə qarşı cinayət işinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən bəraətverici əsaslarla xitam verilib, ərizəçilərdən ikisinə 66 min 700, digər 2 ərizəçiyə isə 28 min 300 manat zərər əvəzi ödənilib.

Avropa İnsan Hüquqları Məhkəməsi bunları nəzərə alaraq, ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib. Qərara görə, ərizəçinin vəkillərinə ümumilikdə 4 min avro hüquqi məsrəf əvəzi, Axundov və Qurbanlının nümayəndəsi Xalid Bağırova 1000 avro tərcümə və poçt xidmətləri əvəzi ödənilməlidir.

Həmçinin Avropa məhkəməsi bir neçə Ermənistan vətəndaşının Azərbaycana qarşı şikayətlərini qəbuledilməz hesab edib. Şikayətçilər əsasən mülkiyyət hüquqlarına müdaxilənin baş verdiyini iddia edirdilər. Onlar 2016-cı ilin aprel döyüşləri zamanı yaşadıqları evlərini tərk etməli olduqlarını bildirmişdilər.

Amma Avropa İnsan Hüquqları Məhkəməsi Qazaryan və Bayramyanın Azərbaycana qarşı ərizəni təmin edib. Bu iş ərizəçilərin 39 yaşlı oğlunun 2018-ci ilin iyulunda Azərbaycan hərbçiləri tərəfindən saxlanılması ilə bağlı olub. Onların övladları Azərbaycan məhkəmələri tərəfindən təxribat və terrorda təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum olunub, 2020-ci ilin dekabrında əsirlərin mübadiləsi çərçivəsində Ermənistana qaytarılıb. Bu iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsi hesab edib ki, ərizəçilərdən Qazaryana münasibətdə Konvensiyanın 3-cü, 5.1-ci və 5.3-cü maddələrinin pozuntusu baş verib. Məhkəmə ərizəçilərin digər pozuntu iddialarını rədd edib.

Turanın məlumatında qeyd olunur ki, qərara görə, hökumət Karen Qazaryana mənəvi zərər əvəzi 10 min avro, xərc və məsrəflərə görəsə 3225 avro ödəməlidir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz