Avropa İnsan Hüquqları Məhkəməsi Qarabağda hərbi cinayətlərə görə Ermənistanın məsuliyyət daşıdığını tanıyıb

Xəbərin çap versiyası
Tarix: 18-10-2023, 18:36


Oktyabrın 18-də Avropa İnsan Hüquqları Məhkəməsi "Ohanesyan və Karapetyan Ermənistana qarşı" işi üzrə qərar qəbul edib.

Civilazerbaijan.com
bildirir ki, bu iş üzrə ərizəçilər Ermənistan vətəndaşları Mikael Ohanesyan və Svetlana Karapetyandır. Onların oğulları R.Ohanesyan və A.Sarqsyan Qarabağda xidmət zamanı həlak olublar. https://hudoc.echr.coe.int/eng#{%22itemid%22:[%22001-228148%22]}

Hər iki əsgər 2009 və 2008- ci illərdə Ermənistandan orduya çağırılıb və "Dağlıq Qarabağ Respublikasında" (Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında dırnaq işarəsilə yazılıb- red.) yerləşən hərbi hissəyə xidmətə göndərilib.

2010-cu il iyulun 28-də saat 18:00-a yaxın Ohanesyan, Sarqsyan və digər dörd hərbçi güllə yarasından ölmüş vəzyyətdə tapılıb. Ərizəçilərin bildirdiyinə görə, onların övladları nizamnamədənkənar münasibətlərin qurbanı olublar, işgəncələrə, döyülmələrə məruz qalıblar və öldürülüblər.

Ərizəçilər hesab edirlər ki, Ermənistan hakimiyyəti bütün günahkarların, o cümlədən yüksək vəzifəli komandirlərin müəyyən edilməsi və cəzalandırılması üçün effektiv araşdırma aparmayıb.

Avropa İnsan Hüquqları Məhkəməsi Avropa İnsan Hüquqları və Azadlıqları Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsi üzrə ərizəçilərin hüquqlarının pozulduğunu tanıyıb. Strasburq məhkəməsi hər bir ərizəçiyə 30 min avro kompensasiya ödənilməsini qərara alıb.

Azərbaycanlı hüquqşünas, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktının beynəlxalq məhkəmə instansiyasında bir daha təsdiqi baxımından Avropa İnsan Hüquqları Məhkəməsinin bu qərarını çox vacib hesab edir.

O, Turan-ın müxbirilə söhbətində qeyd edib ki, Ermənistanın öz vətəndaşlarını Azərbaycanın işğal olunmuş ərazisinə orduya xidmətə göndərməsi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında təsdiqlənir.

Bundan əlavə, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində törədilmiş cinayətlərə görə Ermənistanın məsuliyyət daşıdığını tanıyır.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Strasburq məhkəməsinin "Çıraqov və başqaları Ermənistana qarşı" işi üzrə digər qərarına da istinad var. Burada Ermənistan Laçın rayonundan bir qrup şəxsin doğma yurdundan qovulmasına və əmlakından məhrum edilməsinə görə məsuliyyət daşıdığı tanınıb, Turanın məlumatında qeyd olunur.

"Öz- özlüyündə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı öz əraziləri üzərində suverenliyinin bərpasına görə Azərbaycanın ünvanına ittihamlarla çıxış edənlərə cavabdır", - Muxtar Mustafayev deyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz