Dunya Miyatoviçin Ermənistana və Azərbaycana səfərinin yekunları haqqında BƏYANATI

Xəbərin çap versiyası
Tarix: 27-10-2023, 13:47


"İnsan hüquqlarının pozulması Qarabağ regionunda və onun ətrafında Ermənistan və Azərbaycan arasında uzunmüddətli münaqişənin son fəslində əlamətdar olub. Hamı üçün insan hüquqlarına tam hörmət və müvafiq beynəlxalq standartlara ciddi şəkildə riayət olunması iki ölkənin barışığı yolunda diqqət mərkəzində olmalıdır".

Civilazerbaijan.com
bildirir ki, bu bəyanatla Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dunya Miyatoviç Ermənistan, Azərbaycan və Qarabağ regionuna oktyabrın 16-dan 23-dək gerçəkləşdirdiyi səfərinin yekununda çıxış edib.

Regiona səfər sentyabrın sonlarında cəmi bir neçə gün ərzində Ermənistana qaçan 100600-dən çox Qarabağ ermənisinin kütləvi köçü ilə bağlı olub. Bu, 19-20 sentyabr tarixlərində Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar, regionun tamamilə onun nəzarəti altına keçməsi və "Qarabağ ermənilərinin Laçın dəhlizinin Azərbaycan tərəfindən doqquz aylıq mühasirəsi nəticəsində məruz qaldıqları hərəkət və əsas məhsulları, xidmətləri və enerji daşıyıcılarını əldə etmək imkanının uzun müddət pozulmasından" sonra baş verib. "Onlar hər hansı etibarlı təhlükəsizlik zəmanəti və ya hansısa tərəfin müdafiəsi olmadan tərk edilmiş vəziyyətdə qalıblar. Onlar üçün vətəni tərk etmək yeganə mümkün variant idi", deyə Avropa Komissarının bəyanatında bildirilir.

Komissar Ermənistana səfəri zamanı Qarabağdan məcburi köçkünlər üçün sığınacaqlara baş çəkib və Avropa Şurası üzvlərini köçkünlərə kömək etməyə çağırıb.

Komissar Azərbaycana səfəri zamanı Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev və digər şəxslərlə görüşlər keçirib.

Azərbaycan hakimiyyəti komissara dövlətin Qarabağ regionunun və orada yaşayan insanların reinteqrasiyası üçün gördüyü tədbirlər haqqında məlumat verib. "Komissar qeyd edib ki, Azərbaycan regionda qalan və Ermənistana gedən etnik ermənilərin hüquqlarına, o cümlədən təhlükəsiz və layiqli bir şəkildə öz evlərinə qayıtmaq hüququna zəmanət verməlidir".

Komissar həmçinin Azərbaycanın Qarabağ regionuna səfər edib. Bu, onillər ərzində ilk dəfə idi ki, belə bir hüquq müdafiə missiyası regiona səfər edə bilib, baxmayaraq ki, minaların mövcudluğu ilə əlaqədar təhlükəsizlik problemləri səbəbindən onun miqyası məhdud olub. Komissar Füzuliyə, Şuşaya, Malıbəyli kəndinə, Xankəndinə, Xocalıya və Ağdama səfər edib. O, sentyabrda əhalinin getməsindən sonra Xankəndi şəhərinin, demək olar ki, tamamilə boş qaldığını gördükdə şok keçirib. Ona bu rayonda çox az sayda etnik erməninin qaldığını bildiriblər. O, onlardan bəziləri ilə söhbət edib.

Füzulidə və Ağdamda komissar onillər boyunca xarabalıq vəziyyətində qalmış dağılmış şəhərlər və kəndlər görüb. Füzulidə bu yaxınlarda salınmış yaşayış məntəqəsinə baş çəkib, bir neçə gün əvvəl vaxtilə öz torpaqlarını tərk edən azərbaycanlılar bu yaşayış məntəqəsinə qayıdıb.

Azərbaycana səfəri zamanı komissar köçkünlər, mina qurbanları, şahidlər və insan hüquqları pozuntularına məruz qalan şəxslər və onların ailələri, habelə itkin düşmüş şəxslərin ailə üzvləri ilə görüşüb.

Hər iki ölkəyə səfər zamanı komissar uzanan münaqişə ilə əlaqədar ciddi insan hüquqları pozuntuları haqqında məlumatlar eşidib və mülki əhalinin uzun illər boyunca hərbi əməliyyatlar nəticəsində çəkdiyi əziyyətin şahidi olub.

Komissar Qarabağ regionunda və onun ətrafında münaqişənin, o cümlədən 2020-ci ildə Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların başlaması, həmçinin Laçın dəhlizinin mühasirəsindən və Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatdan sonra baş verən son hadisələr nəticəsində humanitar və hüquqların müdafiəsi ilə bağlı nəticələrini müzakirə edib.

O, bütün köçkünlərin insan hüquqlarının, o cümlədən layiqli və təhlükəsiz şəkildə qayıtmaq hüququnun; minalardan qorunmaq hüququnun; əsirlərin müdafiə hüququnun; itkin düşmüşlərin aqibətini öyrənmək hüququnun təmin edilməsinin vacibliyini; ciddi insan hüquqları pozuntularının müstəqil araşdırmalarının aparılması zərurətini və qurbanlara dəyən zərərin adekvat şəkildə qaytarılmasının vacibliyini bir daha vurğulayıb.

O qeyd edib ki, indi bütün tərəflər ədavət salınmasının qarşısının alınması və buna qarşı mübarizə üzrə heç vaxt olmadığı qədər qətiyyətli addımlar atmalıdır, həmçinin birgə yaşayışa və barışığa şərait yaradan təşəbbüsləri dəstəkləməlidirlər.

Avropa Komissarının tövsiyələri daha sonra açıqlanacaq, deyə bəyanatda bildirilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz