Nuru Əliyevin biznesi böhranda: 1 milyon vergi borcu var, qərarla razılaşmır...
Tarix: 2-11-2023, 15:59
"Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi arasında vergi məsələrinə dair mübahisə yaranıb.
Civilazerbaijan.com bildirir ki, Qaynarinfo xəbərinə görə, mübahisə məhkəməyə qədər uzanıb. "Rəvan Sığorta” ASC Bakı İnzibati Məhkəməsində iddia qaldırıb.
ASC-nin iddiası hakim Tural Məlikovun icraatındadır. Məhkəmə iclasının vaxtı barədə məlumat yoxdur.
Araşdırmalarımız nəticəsində məlum olub ki, "Rəvan Sığorta” ASC-nin külli miqdarda vergi borcu var. Hazırda ASC-nin vergi borcu 1 035 507,20 AZN təşkil edir.
Əldə etdiyimiz məlumata görə, şirkət bu məbləğlə razı deyil. Ona görə də məhkəməyə müraciət edib.
"Rəvan Sığorta” ASC 16 mart 1998-ci ildə "Double Insurance Company" adı ilə yaradılıb. 2004-cü ildən 2009-cu ilədək isə "Star Alyans Sığorta" Qapalı Səhmdar Cəmiyyəti (QSC) adı fəaliyyət göstərib. 2009-cu ildən "Rəvan Sığorta” ASC kimi fəaliyyət göstərən şirkətin nizamnamə kapitalı 8 900 071,2 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, ev 40-da yerləşən ASC-nin qanuni təmsilçisi Aslanov Fərhad Faiq oğludur.
"Rəvan Sığorta” ASC-nin səhmlərinin 49,1 faizi "Nurgun Group of Companies"ə, 42,36 faizi "Nurgun Motors" MMC-yə, 8,54 faizi isə "NBC Bank"a məxsusdur.
"Rəvan Sığorta” ASC tanınmış iş adamı Nuru Əliyevə məxsusdur. ASC-nin səhmdarları olan biznes təsisatları da Nuru Əliyevə məxsusdur.
Hazırda Nuru Əliyevin biznesinin böhran keçirdiyi barədə iddialar var. Yeri gəlmişkən, "Rəvan Sığorta” ASC hazırda ləğv prosesindədir. Şirkət iki il əvvəl ləğv olunduğunu elan edib. Ölkənin aparıcı sığorta şirkətlərindən biri olan "Rəvan Sığorta” ASC-nin bazarı tərk etməsi də Nuru Əliyevin biznesinin böhran keçirməsi ilə əlaqələndirilir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər