ABŞ Azərbaycana yeni səfir təyin edib

Xəbərin çap versiyası
Tarix: 9-11-2023, 14:22


Çərşənbə günü ABŞ Senatı prezident Co Baydenin karyeralı diplomat Mark Libbinin ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini irəli sürməsini dəstəkləyib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Turan-ın Vaşiqnton müxbiri məlumat verib.

Ötən ilin yayından, Li Litsenberqerin bu postdan getməsindən bəri ABŞ-ın Azərbaycanda səfiri olmayıb. Bayden Libbinin namizədliyini keçən ilin mayında irəli sürüb, o vaxtdan Senat onun namizədliyini təsdiqləməmişdi.

"Onu şəxsən tanımasam da, böyük təcrübəsi var, karyeralı diplomatıdır və bu, ona Bakıda kömək edəcək", - ABŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Kozlariç (1994-1997-ci illər) Turan-ın müxbirilə söhbətində deyib.

İyunun 14-də Senatda dinləmələr zamanı Libbi Qarabağla bağlı sülh danışıqları, insan hüquqları və ABŞ-Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair suallarla qarşılaşıb.

Onun sözlərinə görə, Qarabağda sülh Vaşinqton və Bakıya əməkdaşlığı yeni səviyyəyə qaldırmağa imkan verəcək: "...Terrorizmlə mübarizə, sərhəd, enerji və dəniz təhlükəsizliyi sahəsində əməkdaşlıq ABŞ-ın milli maraqlarına və təhlükəsizliyinə xidmət edəcək. ... .Bu sahələrdə səylərimizi ikiqat artıracağam".

Libbinin sözlərinə görə, demokratiya və insan hüquqları ABŞ-ın xarici siyasətinin əsasını təşkil edir və "təkcə ona görə yox ki, bizim dəyərlərimizi əks etdirir, həm də sülh və firavanlıq üçün ən yaxşı zəmin olduğunu sübut edir".

"Təsdiqlənərsəm, Azərbaycan liderlərinin və vətəndaşlarının geniş dairəsilə hörmətli, lakin çox səmimi dialoq aparmağı və bu dəyərləri, hüquq və azadlıqları Azərbaycanda və daha geniş regionda müdafiə etməyi öhdəmə götürürəm", - o, iyunda bildirib.

Libbi son vaxtlara qədər Vaşinqtondakı Milli Hərbi Kollecdə Dövlət Departamentinin fakültə məsləhətçisi vəzifəsində çalışıb. Yaxın həftələrdə Bakıya gələcək.

Bundan öncə Libbi Brüsseldə Avropa İttifaqı yanında ABŞ missiyası rəhbərinin müavini olub. Varşava, Nikosiya və Bağdadda ABŞ missiyalarında siyasi məsləhətçi olaraq çalışıb.

Dövlət Departamentində Libbi böhran idarəçiliyi üzrə direktor müavini, Mərkəzi Avropa İşləri İdarəsinin direktor müavini, Cənubi Avropa İşləri İdarəsinin direktoru və Diplomatik Xidmət İnstitutunun direktoru olub.

Polşa və fransız dillərini bilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz