Ermənistanda Azərbaycan hərbi-siyasi rəhbərliyinin 20 nümayəndəsinə cinayət işi açılıb

Xəbərin çap versiyası
Tarix: 9-11-2023, 14:48


Ermənilərə qarşı hərbi cinayətkarlıqla bağlı açılmış cinayət işində 20-dək azərbaycanlı məmurun, o cümlədən “Qarabağ” futbol klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun adı keçir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə “Kavkazski uzel”ə Ermənistan İstintaq Komitəsinin nümayəndəsi söyləyib.

“Kavkazski uzel”in yazdığına görə, Azərbaycanın “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov 2020-ci ildə baş vermiş Qarabağ müharibəsi zamanı ermənilərə münasibətdə zorakılığa çağırış edib. Avropa Futbol Assosiasiyalarının İttifaqı ona peşəkar futbolla bağlı istənilən işi həmişəlik qadağan edib. “Qarabağ” futbol komandası isə ermənilərə münasibətdə zorakılıq çağırışına görə 100 min avro məbləğində cərimə edilib. “Qarabağ”ın rəhbərliyi İbrahimovun mövqeyi ilə həmfikir olmadığını bildirib və onu cəzalandıracağını vəd edib. Bununla yanaşı, klubda qeyd ediblər ki, İbrahimov psixoloji travma aldığı üçün zorakılığa çağıran qəzəbli və emosional post yazıb.

“Azərbaycanın hərbi-siyasi və ordu rəhbərliyinin 20-dək nümayəndəsinə qarşı da hərbi cinayətkarlıqla bağlı ittihamlar irəli sürülüb”, – Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan “Kavkazski uzel”in müxbirinə xəbər verib. Onun dediyinə görə, ümumi cinayət işi Dağlıq Qarabağda 44 günlük müharibədən sonra açılıb, ittihamlar da bu iş çərçivəsində irəli sürülüb.

Abramyan qeyd edib ki, İstintaq Komitəsi ilkin istintaqın maraqlarından irəli gələrək, ittiham olunanların adını açıqlamağı məqsədəuyğun saymır.

“İttihamlar hərbi cinayətkarlıqla, o cümlədən həm Artsaxa (qondarma Dağlıq Qarabağa – “Kavkazski uzel”in qeydi), həm də Ermənistana qarşı hərbi aqressiya, humanitar hüququn kobud şəkildə pozulması, erməni hərbçiləri və mülki şəxslərin qətlə yetirilməsi və işgəncələrə məruz qalmaları, beynəlxalq terrorçuların müharibəyə cəlb olunması ilə bağlıdır”, – Qor Abramyan deyib.

Ermənistan İstintaq Komitəsi 2020-ci ilin noyabrında Nurlan İbrahimovun axtarışa verildiyini elan edib. Ona qarşı ER CM-nin 226, 393.1 və 373.1 maddələri ilə (milli, irqi və dini düşmənçilik doğuran, soyqırıma səsləyən çağırışlar, həmçinin bəşəriyyətin dincliyi və təhlükəsizliyinə qarşı soyqırıma və digər cinayətlərə haqq qazandırma) cinayət işi açılıb. Onun həbsi ilə bağlı Yerevan Birinci İnstansiya Məhkəməsinə vəsatət verilib.

“Azərbaycanın 44 günlük müharibədən sonra törətdiyi cinayətlərlə bağlı da cinayət işi açılıb. Aparılan istintaqın nəticələrinə görə, hüquqi qiymətləndirmə veriləcək”, – Abramyan söyləyib, Meydan TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz