Araşdırmaçı jurnalist Hafiz Babalı saxlanılıb

Xəbərin çap versiyası
Tarix: 13-12-2023, 18:33


Araşdırmaçı jurnalist Hafiz Babalının saxlanıldığı bildirilir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə onun ailə üzvləri məlumat veriblər. Bildiriblər ki, bu gün, dekabrın 13-də Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları evində axtarış da aparıblar. Daha sonra isə Hafiz Babalı BŞBPİ-nə aparılıb.

Hafiz Babalı noyabrın 28-də BŞBPİ-də ifadəyə çağırılmışdı. “AbzasMedia” işi ilə bağlı şahid qismində dindirilmişdi. Özünün də deməsinə görə, o, “AbzasMedia”da dərc olunan çoxsaylı arasdırmaların müəllifidir və bunu heç vaxt gizlətməyib. İfadə verəndən sonra BŞBPİ-dən çıxan Hafiz Babalı idarə ilə bağlı kiçik araşdırma da aparmışdı. Sosial media hesabında paylaşdığı məlumatlarda bildirmişdi ki, idarədə dindirilmədə olarkən diqqətini çirkli pəncərələr çəkib. Müstəntiqdən bu şüşələrin sonuncu dəfə nə vaxt yuyulduğunu soruşub. Cavab “xatırlamıram”, – olub:

“Dedim, bir dövlət satınalmaları portalına baxım. Məlum oldu ki, BŞBPİ avqustun 18-də “Emin və Eynulla” MMC ilə Polis Baş İdarənin tabeçiliyində olan rayon polis idarə, şöbə və bölmələrinin inzibati binalarında dövrü olaraq bir neçə dəfə olmaqla 110.000 m² fasad (aqlay, alçepan) və şüşələrin xüsusi kimyəvi maddələrlə yuyulması və təmizlənməsi üçün 97.350 manat məbləğində müqavilə bağlayıb. Keçən ilin mayında və dekabrında eyni işlərə görə həmin şirkətə 49.007 və 44.206,34 manat ödənilibmiş. Bu hesabla pəncərələr par-par parıldamalıydı…”.

Son zamanlar hökumətin maliyyələşdirdiyi media orqanlarında müstəqil media qurumu olan “AbzasMedia” ilə bağlı kompromat xarakterli materiallar dərc edilir. Həmin materiallarda Hafiz Babalının da adı hallanıb.

“AbzasMedia”nın direktoru Ülvi Həsənli və ictimai fəal Məhəmməd Kekalov noyabrın 20-də saxlanılıblar. Sonradan Ülvi Həsənliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

“AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-də Azərbaycana dönərkən hava limanında saxlanılıb. Ona qarşı da eyni ittihamla cinayət işi açılıb. Noyabrın 21-də hər ikisi Xətai Rayon Məhkəməsinin qərarı ilə dörd ay müddətinə azadlıqdan məhrum edilib. Onlar həbslərini siyasi sifariş sayır, ittihamları qəbul etmirlər.

Məhəmməd Kekalov da “AbzasMedia”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızıyla eyni cinayət işi üzrə məsuliyyətə cəlb olunub və 3 ay 27 gün azadlıqdan məhrum edilib. Daha sonra isə media qurumla əməkdaşlıq etmiş jurnalist Nərgiz Absalamova ifadə verməyə çağırılıb və saxlanılıb. Ona qarşı da eyni ittihamla cinayət işi açılıb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Sevinc Vaqifqızı və Ülvi Həsənlinin evində və “AbzasMedia”nın ofisində axtarış aparılıb. Medianın ofisindən 40 min avro tapıldığı iddia edilib. Sevinc Vaqifqızı açıqlamasında bildirib ki, ofisdə 40 min avro olması mümkün deyil, oradan tapsalar, yalnız bir qazan dadlı yemək tapa bilərlər.

Meydan TV-nin məlumatında qeyd olunur ki, beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə müraciət edərək, azad mediaya qarşı təzyiqi dayandırmasını istəyiblər. Baş verənləri mediaya qarşı “qisas” adlandırıblar.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz