Amerikanın Nyu Cersi ştatı Qubad İbadoğlunun həbsinə görə Azərbaycana qarşı sanksiyalar tətbiq edəcək
Tarix: 18-12-2023, 13:47
Amerikanın Nyu Cersi ştatının demokrat senatoru Endryu Tsviker noyabrın 30-da insan hüquqlarının pozulmasına və ilk növbədə məşhur iqtisadçı alim Qubad İbadoğlunun həbsinə görə Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan N4107 qanun layihəsini irəli sürüb.
Civilazerbaijan.com Turanın Vaşinqtondakı müxbirinə istinadla bildirir ki, qanun layihəsi artıq Ştatın Senat komissiyasının təqviminə salınıb.
Qanun layihəsində deyilir ki, Nyu Cersi ştatı Azərbaycanda həbs edilmiş doktor Qubad İbadoğlunun vəziyyətindən və hüquqlarından "həddindən artıq narahatdır".
"Cənab Qubadoğlu yaxşı idarəçiliyi və dövlətin maliyyə vəsaitlərinin şəffaflığını təşviq edən hörmətli iqtisadçıdır. O, bütün dünya ilə təcrübəsini bölüşüb və Avropa və ABŞ-da müxtəlif ali təhsil müəssisələri, o cümlədən Rutgers, Nyu Cersi Dövlət Universiteti və Prinston Universiteti ilə əlaqəsi olub. Elmi fəaliyyəti ilə yanaşı, doktor İbadoğlu Azərbaycan hökumətini tənqid edən görkəmli siyasi fəaldır", deyə sənəddə bildirilir.
Hakimiyyət İbadoğlunu 2023-cü ilin iyulunda saxta pul hazırlama, əldə etmə və ya satma ittihamı ilə həbs edilib. İbadoğlunun həbsi "Azərbaycanda çoxdan mövcud olan hökumətin tənqidçilərinə qarşı saxta ittihamlar irəli sürülməsi tendensiyasını, demokratik söz azadlığı prinsipinə zidd olan tendensiyanı davam etdirib".
"Nyu Cersinin qanununun insan hüquqlarının pozulduğu digər ölkələrlə hökumət münasibətlərini qadağan etdiyini nəzərə alaraq, Azərbaycana qarşı da eyni siyasəti yürütmək ştatın maraqlarına uyğundur", deyə qanun layihəsində bildirilir.
Qanun layihəsi qəbul edilsə, Azərbaycanla bağlı olan müəssisələrlə dövlət sövdələşmələri qadağan ediləcək.
Azərbaycanda və ya Azərbaycanla işləyənlər Maliyyə Nazirliyinin siyahısına daxil ediləcək və onun Nyu Cersi ştatında aşağıdakı fəaliyyətləri qadağan ediləcək:
- dövlət orqanları ilə müqavilə bağlamaq;
- ictimai işlər üçün hüquqa malik olmaq;
- iqtisadi inkişaf üçün subsidiyalar almaq;
- əmlak üçün bələdiyyə vergisində imtiyazlar əldə etmək;
- vergilərdən azad edilmək üçün ərizə vermək və arayış almaq;
- şəhərlərin abadlaşdırılması işləri üçün sertifikata malik olmaq.
Bundan başqa, qanun layihəsi dövlətin Azərbaycan hökumətinin sərmayəyə malik olduğu şirkətlərə pensiya fondu investisiya etməyi qadağan edir.
O, həmçinin dövlətin və onun bölmələrinin Azərbaycan hökuməti ilə səhmdar əlaqələri olan maliyyə müəssisələri ilə bank əməliyyatları həyata keçirməsini, sərmayədə səhm, borc öhdəliyi və ya digər investisiyalara malik olmağı onlara verilmiş sığorta ödənişini dəstəkləməyi qadağan edir.
Qeyd edək ki, Nyu Cersinin sıx məskunlaşmış Nyuark şəhəri uzun müddət Azərbaycanın ikinci şəhəri olan Gəncə ilə qardaşlaşmış şəhər olub.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər