Abzas Media-nı xaricdən yeni komanda idarə edəcək

Xəbərin çap versiyası
Tarix: 2-02-2024, 15:32


AbzasMedia internet nəşrinin rəhbərliyinin və jurnalistlərinin həbsi ilə əlaqədar bu KİV-in işini Avropada yeni jurnalistlər komandası davam etdirəcək.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Abzas Media-nın Facebook-dakı səhifəsində yer alan bəyanatda deyilir.

"Son 3 ayda Abzas Media rəhbərliyi və bütün redaksiya heyəti “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib. Bizimlə əməkdaşlıq edənlər təzyiqlərə, bank hesablarının dondurulmasına və ölkədən çıxış qadağalarına məruz qalıblar".

Daha sonra bəyanatda qeyd olunur:

"Bu həbs və təzyiqlərin siyasi motivli olduğunu və apardığımız korrupsiya araşdırmalarının qarşısını almaq məqsədi daşıdığını bir daha qeyd edirik. Hökumət Abzas Media əməkdaşlarını həbs etməklə onun resurslarını tükəndirib və yaranmış repressiv mühit Azərbaycandan fəaliyyəti artıq mümkünsüz edir. Bu səbəblə həbsdə olan “Abzas media” rəhbərliyinin istəyi ilə bu dövrdə müvəqqəti baş redaktor vəzifəsini Leyla Mustafayeva yerinə yetirəcək. O, Avropanın müxtəlif ölkələrinə səpələnmiş yeni redaksiya heyətinin işinə nəzarət edəcək.

Biz jurnalist fəaliyyəti üçün təhlükəsiz mühitin yaradılmasının vacibliyini başa düşürük və bu çətin dövrlərdə söz azadlığına dəyər verən qlobal ictimaiyyətin və əcnəbi həmkarlarımızın dəstəyini yüksək qiymətləndiririk.

Bu çətin günlərdə nümayiş etdirdiyiniz anlayışınız və dəstəyiniz üçün təşəkkür edirik. “Abzas Media” hazırkı şəraitdə belə jurnalistika prinsiplərini qoruyaraq dəqiq və qərəzsiz xəbərlər çatdırmağa sadiq qalacaq", deyə bəyanatda qeyd edilir.

Öz növbəsində, Leyla Mustafayeva bildirib ki, ForbiddenStories, France 24, rfi, The Guardian, Le Monde, Paper Trial, arc, OCCRP, Der Standard, ZDF, RTS, Knack, IRPI Media, Radio France, Le Soir və ZDF də daxil olmaqla, müxtəlif ölkələrdən 15 mətbuat orqanı Abzas Media-nın fəaliyyətində iştirak edəcək, Turanın məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz