Əli Əsədov yenidən Baş nazir təyin olunub

Xəbərin çap versiyası
Tarix: 16-02-2024, 14:50


Bu gün Milli Məclis növbədənkənar iclasında prezident İlham Əliyevin Azərbaycanın Baş nazirinin təyinatı haqqında təqdimatına baxıb.

Civilazerbaijan.com
bildirir ki, dövlət başçısı yenidən bu vəzifəyə 2019-cu ilin oktyabrından Baş nazir vəzifəsində çalışan Əli Əsədovun namizədliyini irəli sürüb. Deputatlar Əsədovun namizədliyini dəstəkləyiblər və onu Baş nazir vəzifəsinə təsdiq ediblər.

Əli Əsədov Baş nazir təyin edilməsi ilə bağlı çıxışında növbəti dövrdə hökumətin prioritetlərini açıqlayıb.

Onun sözlərinə görə, növbəti dövrdə müdafiə və milli təhlükəsizliyin daha da gücləndirilməsi, sosial rifahın artırılması, müasir təhsilin, mədəniyyətin, innovasiyaların təşviq edilməsi, Böyük Qayıdış Proqramının həyata keçirilməsi, eləcə də iqlim dəyişikliyi ilə əlaqədar çağırışlara cavab verən addımların atılması əsas prioritetlər olacaq.

Qeyd edək ki, Əli Əsədov 1956-cı ildə dünyaya gəlib. Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1995-2000-ci illərdə ölkə parlamentinin deputatı olub.

1998-ci ildə prezidentin köməkçisi, 2012-ci ildə prezident administrasiyasının rəhbərinin müavini təyin edilib.

8 oktyabr 2019-cu il tarixində Milli Məclisin razılığı ilə Baş nazir təyin edilib.

Konstitusiyaya əsasən, Baş nazir təyin edildikdən sonra prezident hökuməti özü, parlamentlə razılaşdırmadan formalaşdırır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz