Hafiz Babalının MÜRACİƏTİ
Tarix: 18-03-2024, 14:26
Həbsdə olan araşdırmaçı jurnalist Hafiz Babalı üzləşdiyi haqsızlıqla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Ombudsman Səbinə Əliyevaya müraciət edib.
Civilazerbaijan.com müraciətin tam mətnini təqdim edir:
"Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə
Surəti: AR Daxili İşlər Naziri, cənab Vilayət Eyvazova
Surəti: AR İnsan Hüquqları üzrə müvəkkili (Ombudsmanı) Səbinə xanım Əliyevaya
Günahsız həbs olunan, “Free Media Award” beynəlxalq mükafatı laureatı (2019), “Qafqazın qəhrəmanı 2019” adına layiq görülən
Qeydiyyat ünvanı AZ 5000, Sumqayıt şəh, məhəllə 16, ev 27/16, mən 1
Bakı İstintaq Təcridxanasında saxlanılan Babalı Hafiz Ərköyün oğlu tərəfindən[/i]
ƏRİZƏ
Cənab Prezident,
Saxta ittiham əsasında AR CM-nin 206.3.2-ci maddəsi ilə Bakı Şəhər Baş Polis İdarəsinin təqdimatı, Bakı Şəhəri Xətai Rayon məhkəməsinin qərarı ilə mənə 09.09.1971-ci il təvəllüdlü, Sumqayıt şəhəri sakini, ali təhsilli, Turan İnformasiya Agentliyinin iqtisadiyyat redaktoru, ailəli, 3-cü qrup gözdən əlil H. Ə. Babalıya qarşı həbs qətimkan tədbiri seçilib. İttihamda əks olunan valyuta qaçaqmalçılığına daxir qurama məlumatlardan mən yalnız qanunsuz olaraq saxlanılarkən xəbər tutmuşam.
Qeyd olunan maddənin dispozisiyasındakı hallar, eləcə də mənə qarşı irəli sürülən ittihamların heç bir sübutu yoxdur ola da bilməz.
Belə ki, mən cinayət işində bəhs olunan 2022-2023-cü illər ərzində iddia edilən valyuta qaçaqmalçılığının heç bir mərhələsində iştirakçı deyiləm.
[i]2019-cu ilin noyabr ayından etibarən AR Dövlət sərhədlərini keçməmişəm;
Qaçaq malı kimi xaricdən valyuta gətirilməsinin planlaşdırılması, təşkili, sərhəddən qanunsuz keçirilməsi, qəbulu və bölüşdürülməsində hər hansı şəkildə və statusda iştirak etməmişəm;
Mənim ittihamda göstərilən qabaqcadan əlbir olan qrupa heç bir aidiyyatım yoxdur;
Cinayət işində adı çəkilən şəxslərdən iki (Ü. Həsənli, S, Abbasova) nəfəri jurnalist kimi tanıyıram, onların guya ölkəyə gömrük nəzarətindən kənar valyuta gətirmək niyyətindən xəbərsiz olmuşam., onlarla bu haqda söhbətim olmayıb;
Mənim heç bir kəslə cinayətkar razılaşmam olmayıb və iddia edilən bu qurama razılaşmada üzərimə qoyulan funksiya mövcud deyildir;
Mən abzas.net internet saytında yayınlanmış 6 (altı) ədəd jurnalist araşdırmasının müəlifiyəm. Bunu nə ictimiayyətdən, nə də istintaq orqanından gizlətmişəm;
Mənə qarşı müxtəlif maliyyə əməliyyatlarında iştirak etməklə xeyli miqdarda gəlir əldə etmək ittihamının heç bir maddi dəlili mövcud deyil. Nəzərə alsaq ki, “xeyli miqdar”dedikdə 50.000-200.000 manat başa düşülür, o zaman bu ittiham gülünc, ağ yalan və böhtandır;
Abzas Mediaya təqdim etdiyim məqalələrin redaktə edilməsi məqsədi ilə 4 (dörd) dəfə redaksiyaya getməyim heç bir halda cinayət işi üzrə təqsirləndirilən şəxslərlə birgə fəaliyyət göstərmək kimi tövsif oluna bilməz;
Jurnalistin məqalə yazmaqla qonorar əldə etməsini(əldə etmək imkanını) “tamah niyyəti ilə qanunsuz gəlir əldə etmək məqsədi” kimi təqdim etmək istintaqın naşılığı və səbatsızlığıdır;
20 noyabr 2023-cü il tarixində cinayət işində göstərilən ünvanda aşkar edildiyi iddia olunan xarici valyuta sərvətinin mənə heç bir aidiyyatı yoxdur;
Beləliklə, göründüyü kimi, istintaq orqanının mənə qarşı irəli sürdüyü ittihamların ayrı-ayrılıqda, eləcə də məcmu halında heç bir hüquqi əsasları mövcud deyildir.
Cənab Prezident, mən əminəm ki, mənim həbsim jurnalist fəaliyyətimlə bağlıdır. Bunu BŞBPİ-nin vəsatətlərimə dair 14 dekabr 2023-cü il tarixli qərarları təsdiq edir. “Vəsatətlərə baxılması haqqında” 14.12.2023-cü il tarixli qərarda(səh 2, abzas 5) göstərilir ki, “H. Babalı mütəmadi olaraq qrup üzvləri Ü. Həsənov və S. Abbasova ilə təmasda olmuş, onların birgə fəaliyyət göstərdiyi ofisə gedib-gəlmiş, onların tapşırığı əsasında pul müqabilində materiallar hazırlamışdır.” Həmin qərarda(səh2, a 8) həmçinin göstərilir ki, cinayət məsuliyyətinə cəlb olunmağım ictimai fəaliyyətimlə bağlı deyildir. Halbuki mən 1992-ci ildən bəri fasiləsiz olaraq peşəkar jurnalistika fəaliyyəti ilə məşğulam. Cəmiyyətdə ekspert, ictimai xadim kimi tanınıram. Bu qərarda, eləcə də həmin tarixli digər qərarda (vəsatətlərə baxılması haqqında) qərəzli şəkildə yalan məlumat verilir ki, mən digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup halında qaçaqmalçılıq yolu ilə .... ölkə ərazisinə xarici valyuta vəsaitləri gətirmişəm.
Cənab Prezident, mən öz dövlətini Sizin qədər sevən, qanunun hərfinə hörmət edən vətəndaşam. Jurnalist kredom obyektivlik, qərəzsizlik, həqiqətpərvərlikdir. İndiyədək irili-xırdalı 200-dən çox müstəqil jurnalist araşdırmasının müəllifiyəm. Məmur sahibkarlığı, dövlət büdcəsinin talan edilməsi, çirkli pulların ölkə ərazisində və onun hüdudlarından kənarda yuyulması və s. Korrupsiya əməlləri araşdırmalarımın əsas mövzularıdır. Bu araşdırma məqalələri Turan İA, Azadlıq radiosu, Meydan TV, Sancaq Media, Open Azerbaijan, Abzas Media, eləcə də, Open Media Hub, Radio Free Europe/Radio Liberty beynəlxalq media resurslarında dərc olunub. Həmin ifşaedici təhqiqat materialları üzrə mənə qarşı böhtan və s ittihamlarla məhkəmə iddiası qaldırılmayıb.
Abzas Media ilə əməkdaşlığımın özəyində tamah niyyəti durmuş olsaydı, xeyli miqdarda pul qarşılığında araşdırmaçı-jurnalist fəaliyyətini dayandırmaq barədə şirnikləndirici təkliflərlə razılaşardım.
Cənab Prezident, mən cinayətkar deyiləm, jurnalistika da cinayət deyildir. Fəaliyyətimdə rəhbər tutduğum prinsiplərdən biri Sizin ictimaiyyətə və jurnalistlərə bəzi məmurların qanunsuz əməllərinə dair siqnal vermək haqda müraciətiniz olmuşdur. Vəzifəsindən azad edilən və həbs olunan bəzi məmurların cəzalandırılmasını mən həm də öz araşdırmalarımın nəticəsi kimi qiymətləndirmişəm.
Hörmətli Prezident, yazdıqlarımı nəzərə alaraq barəmdə olan cinayət işini şəxsi nəzarətə götürməyi, mənə qarşı təqibin dayandırılması haqda göstəriş verməyinizi xahiş edirəm.
Hörmətlə, Hafiz Babalı".
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər