Azərbaycan Müdafiə Nazirliyindən Ermənistanla sərhəddə eskalasiya ANONSU
Tarix: 31-03-2024, 14:43
Martın 31-də Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb.
Civilazerbaijan.com bildirir ki, Azərbaycan Ermənistana xəbərdarlıq edib.
“Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur.
Son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir.
Xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır.
Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcəkdir”.
Xatırladaq ki, bir gün əvvəl internetdə Ermənistan Silahlı Qüvvələrinin çoxlu sayda hərbi texnikası və canlı qüvvəsinin Naxçıvanla sərhədə yaxın olan Yerasx qəsəbəsi ərazisində hərəkətini əks etdirən videogörüntülər yayılıb, Turan İA-nın məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər