Avropa İttifaqı Ermənistana 270 milyon avro, ABŞ 65 milyon dollar verəcək

Xəbərin çap versiyası
Tarix: 5-04-2024, 17:14

Foto açıq mənbələrdən götürülüb

ABŞ Ermənistana 65 milyon dollardan çox dəstək verməyi planlaşdırır.

Civilazerbaijan.com
bildirir ki, bu barədə aprelin 5-də Brüsseldə ABŞ dövlət katibi Antoni Blinken məlumat verib.

"Biz 2023-cü maliyyə ili büdcə vəsaitlərimizdən 65 milyon dollardan çox yardım fondu təqdim etməyi planlaşdırırıq. Bu, iki il əvvəlkindən 50 faizdən də çoxdur", - Blinken bildirib.

Onun sözlərinə görə, Vaşinqton Ermənistanın dövlət idarəçiliyi və iqtisadiyyatı ilə bağlı sahələrə sərmayə qoyacaq.

"Regional inteqrasiya Ermənistan üçün həyati əhəmiyyət kəsb edir" - deyən Blinken Yerevanın təklif etdiyi, amma Bakının hələ rəsmi cavab vermədiyi "Sülh yolayrıcı" layihəsini yüksək qiymətləndirdiyini vurğulayıb.

Oktyabrın 26-da Tbilisidə keçirilən "İpək Yolu" forumuna qatılan N.Paşinyan "Sülh yolayrıcı" layihəsi vasitəsilə regiona baxışını bölüşüb. Onun deməsinə görə, ölkəsi Qara, Xəzər və Aralıq dənizlərinə, habelə Fars körfəzinə çıxışlar əldə edəcək. Bir şərtlə: yeni transmilli və beynəlxalq loqistika marşrutlarının Ermənistan ərazisindən keçəcək hissələrinə bilavasitə rəsmi Yerevanin müvafiq qurumları nəzarət etməlidir.

Brüssel Ermənistana 270 milyon avro ayırmağa hazırdır

Avropa İttifaqı (Aİ) növbəti dörd ildə Ermənistana 270 milyon avro qrant ayırmaq niyyətindədir.

Bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Brüsseldə Aİ, ABŞ və Ermənistanın üçtərəfli görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Aİ Ermənistanda nüvə və bərpaolunan enerji sahəsinə, transsərhəd, habelə hava nəqliyyatına sərmayə qoyacaq. "Bu yardım 500 milyon avronun toplandığı Aİ paketinə əsaslanır. Bizim yeni paketimiz də olacaq. Bunun üçün prosesləri sürətləndirmək və investisiyaları daha səmərəli etmək üçün yeni koordinasiya platforması yaratmışıq", - o qeyd edib.

Aİ rəhbəri Ermənistanın Qərbin Rusiyaya sanksiyalarından Kremlin yayınmasına imkan verməyən hərəkətləri dəstəkləmək mövqeyini alqışlayıb: "Bu, Aİ və Ermənistanın ümumi dəyərlərə əsaslandığını göstərir".

Ermənistan baş naziri Nikol Paşinyan, öz növbəsində, Aİ ilə ortaq dəyərləri bəyan edib: "Biz ümumi dəyərlərimizi bir daha təsdiq edirik. Bu gün biz Ermənistanın demokratik təsisatları və insan haqlarını gücləndirmək səylərini müzakirə edəcəyik. Ermənistan məhkəmə sistemində islahatlara sadiqliyini bir daha təsdiqləyir".

O, həmçinin bəyan edib ki, Yerevan 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq Azərbaycanla münasibətlərin normallaşdırılmasına və dövlət sərhədinin ərazi bütövlüyünə hörmət əsasında delimitasiyasına sadiqdir, AzadlıqRadiosunun məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz