Bakıda həbsdə olan Ruben Vardanyan Nobel mükafatına namizəd göstərilib - TƏFƏRRÜAT

Xəbərin çap versiyası
Tarix: 8-04-2024, 21:16


Qarabağdakı keçmiş separatçı rejimin “dövlət naziri” olmuş Ruben Vardanyanın “Xeyriyyəçilik və humanitar fəaliyyətinə görə” Nobel Sülh Mükafatına namizəd göstərildiyi bildirilir.


Civilazerbaijan.com
bildirir ki, bu barədə “News.am” xarici mənbələrinə istinadən məlumat verib. Həmçinin qeyd olunub ki, məlumatı Vardanyanın ofisi də təsdiqləyib. Bildirilib ki, onun namizədliyi bir neçə nüfuzlu şəxs tərəfindən irəli sürülüb.

Norveç Nobel İnstitutu ənənəvi olaraq namizədlərin tam siyahısını tamamilə gizli saxlayır.

Ruben Vardanyan 2022-ci il noyabrın 4-də Qarabağdakı keçmiş separatçı rejimin “dövlət naziri” olub.

2023-cü il sentyabrın 19-da Azərbaycanın keçirdiyi lokal əməliyyatdan sonra Qarabağda separatçı rejimin bir sıra vəzifəli şəxsləri saxlanılaraq, Bakıya gətirilib.

Onların arasında keçmiş “dövlət naziri” Ruben Vardanyan da olub.

Həbs olunan 15 nəfərə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 214-3 (terrorçuluq məqsədilə təlim keçmə), 218 (cinayətkar birlik yaratma) və 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr yaratma) maddələrilə ittiham irəli sürülüb.

Bu ittihamlarda 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Onlar Azərbaycan ərazilərinin minalanması, 2020-ci ildə Gəncə və Bərdəyə raket atılması, nəticədə mülki əhalinin öldürülməsi, terror hücumlarının təşkili və başqa çoxsaylı cinayətlərdə ittiham olunur.

Ruben Vardanyanı 14 il müddətinə həbs cəzası gözləyir.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib. Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb, Meydan TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz