Ekspert: Ermənistanın Rusiyadan uzaqlaşma siyasəti Azərbaycan üçün faydalıdır

Xəbərin çap versiyası
Tarix: 11-04-2024, 14:29


"Ermənistan-Rusiya münasibətləri çətin dövrdən keçir. Lakin bu münasibətlər Ermənistanın dövlətçiliyi, iqtisadiyyatı və təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir".

Civilazerbaijan.com
bildirir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan bugünlərdə ölkə parlamentində çıxışı zamanı deyib.

Ermənistan Qərblə əməkdaşlığı gücləndirir. Bununla paralel olaraq Rusiyanın yer aldığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə getdikcə daha çox məsafəli davranır.

Rusiya və Ermənistan arasında münasibətlərin gərginləşməsi regiona təhdidlər yaradırmı? Bunun Azərbaycanla Ermənistan arasında illərdir davam edən sülh danışıqlarına mümkün təsirləri nədir?

"Atlas" Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu Paşinyanın Ermənistanı Rusiyanın təsir imkanlarından qurtarmaq istəyinin mürəkkəb məsələ olduğunu düşünür: "Bu proses uzun illər davam edəcək. Görünür, Paşinyan 5 aprel Brüssel görüşündə istədiyini ala bilmədiyindən bu açıqlamanı səsləndirir. Ermənistan baş naziri daha böyük dəstək arzulayırdı, Avropa İttifaqı və ABŞ-nin təhlükəsizlik təminatını istəyirdi. Amma onlar bir neçə layihəni maliyyələşdirə bildiklərini göstərdilər. Bu mənada Nikol Paşinyan hazırda Rusiya ilə bütün münasibətləri korlamaq istəmədiyindən həmin açıqlamanı verib".

Aprelin 5-də Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Danışıqlarda Ermənistana birlikdə toplam 356 milyon dollarlıq yeni yardım vəd edilib. Bu yardım, elan olunduğuna görə, Ermənistanın dayanıqlığını artırmalı və onun Rusiyadan asılı olan iqtisadiyyatının şaxələndirilməsinə kömək etməlidir.

E.Şahinoğlu habelə hesab edir ki, Ermənistanın Rusiyadan uzaqlaşma siyasəti Azərbaycan üçün də faydalıdır: "Rusiyanın Ermənistanda hərbi bazası var, Türkiyə ilə sərhədlərini də şimal ölkənin hərbçiləri qoruyur. Əgər Ermənistan Azərbaycanla sülh imzalasa, Türkiyə ilə münasibətlərini nizamlasa, Rusiyanın hərbi bazasına ehtiyac qalmayacaq".

Politoloqun sözlərinə görə, hazırkı Moskva-Yerevan münasibətləri sülh danışıqlarına o mənada təsir edir ki, Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyinə şübhə ilə yanaşır: "Ermənistan Moskvanın vasitəçiliyini istəmir. Azərbaycanın bu barədə rəsmi mövqeyi olmasa da, biz də Rusiyanın vasitəçiliyində maraqlı olmamalıyıq. Son vaxtlar vasitəçi kimi Almaniya fəallaşıb, bu ilin fevralında Münxendə Almaniya kansleri Şoltsun vasitəçiliyi ilə Əliyevlə Paşinyan görüşdü. Məncə, Berlindən yenə təşəbbüs gələcək. Bunu Şoltsun aprelin 9-da Paşinyan ilə telefon danışığı ilə əlaəqləndirirəm. Güman ki, Şolts Əliyev ilə də danışacaq. Yəni, Rusiya olmaqdansa, görüşlər Almaniyada və Gürcüstanda keçirilsin".

Onun fikrincə, amma ən optimal yol iki ölkə rəhbərinin birbaşa danışıqlarıdır.

Politoloq Nəsimi Məmmədli də istənilən halda vacib sayır ki, Azərbaycan-Ermənistan münasibətləri Rusiyaya görə qurulmasın: "Rusiya regionda böyük güc olduğundan ölkələrin münasibətlərinə müəyyən təsir göstərə bilir. Bütün hallarda Rusiyanı tam mənada neytrallaşdırmaq üçün Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmalıdır və bu müqavilədə Rusiyanın üzərinə hansısa öhdəlik qoyulmamalıdır. Yəni, Rusiyanın iştirakı kənarda saxlanılmalıdır".

N.Məmmədlinin sözlərinə görə, Rusiya Ukrayna ilə münasibətlərdə Avropa üçün təhdid olduğunu göstərdiyi kimi, Cənubi Qafqazda da bir təhdiddir. "Bu nöqteyi-nəzərdən Rusiya ilə münasibətlərin mümkün qədər gərgin olmaması daha arzuolunandır. Amma Rusiya bəzən elə addımlar atır ki, gərginlikdən də qaçmaq olmur",- Məmmədli bitirib.

Yazıda səslənən fikirlərə Rusiyanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova dünən, aprelin 10-da deyib ki, Rusiya özünü Cənubi Qafqaz üçün effektiv vasitəçi kimi göstərib.

"Sonra Qərb peyda oldu... Ermənistana gəlincə, hər bir suveren dövlətin öz baxışı var. Məsələ ondadır ki, bəzən Qərbin müdaxiləsi regionda artıq əldə edilmiş harmoniyanı pozur", - Rusiya XİN sözçüsü vurğulayıb.

Azərbaycan rəsmiləri isə Rusiya ilə münasibətlərdən məmnunluqla bəhs edirlər. İki ölkə arasında iki il əvvəl "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanıb, Turanın məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz