Qubad İbadoğlu ev dustaqlığına buraxılıb
Tarix: 22-04-2024, 19:22
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının həbsdə olan sədri Qubad İbadoğlu ev dustaqlığına buraxılıb.
Civilazerbaijan.com bildirir ki, vəkil Bəhruz Bayramovun Amerikanın Səsinə verdiyi məlumata görə, qərar Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.
Qubad İbadoğlu ev dustaqlığına buraxılmasından sonra Amerikanın Səsinə müsahibə verib.
O, müsahibəsində özünü həbsdən azad edilmiş hesab etməyib.
“Mən həbsdən azad olunmuş hesab olunmuram. Çünki mənə qarşı irəli sürülmüş ittihamlar qalır. Eyni zamanda bildiyiniz kimi bu ev dustaqlığının müəyyən məhdudiyyətləri var. Bakı şəhəri ərazisindən çıxmamaq, Azərbaycanı tərk etməmək. Müəyyən yaşayış yerini dəyişməmək. Yaşayış yerini dəyişəndə məlumat vermək. Belə məhdudiyyətlər hələ davam edəcək. Bugünkü qərar təbii ki, tam azadlığım kimi qəbul oluna bilməz”, Qubad İbadoğlu bildirib.
Səhhətinə gəldikdə isə Qubad İbadoğlu səhhətində problemlərin davam etdiyini bildirib.
“Son zamanlar şəkərimin yüksək səviyyəsindən təsirlənən fəsadlar var. Fəsadlar özünü göstərməkdədir. Yaxın zamanlarda buna diqqəti artıracam. Çünki bu, təxirəsalınmaz tibbi müdaxilə tələb edir. Müstəqil həkimlərin məsləhəti və müayinəsi ilə bu istiqamətdə səhhətimin bərpa olunması istiqamətində müalicəmi davam etdirəcəm”, o bildirib.
Qubad İbadoğlu ev dustaqlığına buraxılması ilə bağlı vəkillərinə, müdafiə komitəsinə, beynəlxalq təşkilatlara, müstəqil media nümayəndələrinə, o cümlədən təcridxanın rəhbərliyinə, işçi zabit heyətinə, dostlarına təşəkkür edib.
“Yenə də qeyd edirəm, yaxın zamanlarda səhhətimlə daha ciddi məşğul olacam. Çalışacam ki, mənimlə bərabər azadlıq haqqı olan və hal-hazırda həbsxanada olan Tofiq Yaqublu, Nazim Bəydəmirli, Toplum Tv, Abzas Media, Kanal-13-ün və bu tip siyasi motivlə həbsdə olanların azadlığa çıxması istiqamətində görülən işlərə dəstək verim”, İbadoğlu deyib.
Ötən il iyul ayında Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu barədə həbs qətimkan tədbiri seçib. Qubad İbadoğlu 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.
Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər