ABŞ səfiri Qubad İbadoğlu ilə görüşüb

Xəbərin çap versiyası
Tarix: 10-05-2024, 17:35


Mayın 10-da ABŞ səfiri Mark Libbi bu günlərdə ev dustaqlığına buraxılan iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə görüşüb. “Səfir Libbi doktor Qubad İbadoğlu ilə ev dustaqlığına buraxıldıqdan sonra görüşüb. Birləşmiş Ştatlar cənab İbadoğlunun azadlığa buraxılmasını humanitar jest kimi alqışlayır. Onun tezliklə tam azadlığa buraxılması üçün çağırışlar etməyi davam edəcək”.

Civilazerbaijan.com
bildirir ki, bu barədə ABŞ səfirliynin X platformasında qeyd edilir.

Ötən ilin iyulunda Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisad elmləri doktoru Qubad İbadoğlu barədə həbs qətimkan tədbiri seçib. Bu il aprelin 22-də isə məhkəmə həbs qətimkan tədbirni ev dutsqlığı tədbiri ilə əvəz edib.

Qubad İbadoğlu 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Amerikanın Səsinin məlumatında qeyd olunur ki, bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz