Hikmət Hacıyev Ceyk Sallivanla görüşüb
Tarix: 18-05-2024, 12:04
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev mayın 17-də Ağ Evdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.
Civilazerbaijan.com bildirir ki, bu barədə Hikmət Hacıyev X Platformasında yazıb.
"Ağ Evdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə çox məzmunlu görüş baş tutdu və biz ölkələrimiz arasında ikitərəfli əməkdaşlığı və əlaqələrimizin gələcək inkişaf perspektivlərini nəzərdən keçirdik. Həmçinin regional və qlobal məsələlər də müzakirə edilib. Biz həmçinin regionda sülhün bərqərar olması və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi apardıq", Hacıyev qeyd edib.
Xatırladaq ki, ABŞ-da səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi mayın 16-da ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə görüşüb.
Amerikanın Səsinin məlumatında qeyd olunur ki, görüşlərdə ikitərəfli münasibətlər, mövcud regional və qlobal təhlükəsizlik mühiti, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini əhatə edən geniş spektrli məsələlər müzakirə olunub.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər