Etibar et, amma yoxla - BLINKEN
Tarix: 23-05-2024, 12:50
ABŞ dövlət katibi Entoni Blinken Ermənistanla Azərbaycan arasında sülh sazişinə ümid etdiyini bildirib: "Düşünürəm ki, baş verə biləcək ən yaxşı şey odur ki, onlar - Ermənistan və Azərbaycan - sülh sazişində irəliləyişə nail olacaqlar".
Civilazerbaijan.com bildirir ki, bunu çərşənbə günü Blinken Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində çıxışı zamanı Kaliforniyadan olan konqresmen Cim Kostanın sualına cavab verərkən söyləyib.
"Əgər bu saziş (sülh) əldə oluna bilərsə, düşünürəm ki, həm Ermənistana, həm Azərbaycana, həm də bütün regiona fayda gətirəcək", - dövlət katibi əlavə edib.
Bu yaxınlarda Blinken həm Azərbaycan prezidenti Əliyevlə, həm də Ermənistanın baş naziri Paşinyanla ayrı-ayrılıqda danışaraq iki ölkə arasında davamlı və layiqli sülh sazişinə nail olmaq yolunda irəliləyişə ABŞ-ın dəstəyini təsdiqləyib.
Dünən Konqresdə Dövlət Departamentinin təklif etdiyi büdcə üzrə dinləmələr zamanı konqresmen, Konqresin "Erməni qrupu"nun üzvü Kosta Azərbaycana "inamsızlıq" ifadə edərək ABŞ-ın "Qarabağ diplomatiyası" məsələsini qaldırıb.
“Bir dəfə kiminsə dediyi kimi, həmişə etibar et, amma yoxla", - Blinken ermənipərəst konqresmenə cavab verib.
Dövlət katibi həmçinin ABŞ-ın Ermənistana dəstək və əməkdaşlığın möhkəmləndirilməsindən danışıb. "Bizim və Avropa İttifaqının Ermənistana dəstək olmaq üçün daha nələr edə biləcəyini nəzərdən keçirmək üçün bir neçə həftə əvvəl Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenlə birlikdə baş nazir Paşinyanla görüşdüm", - o deyib.
"Və düşünürəm ki, bir sıra fərqli sahələrdə irəliləyəcəyik. Baş nazir Paşinyan çox çətin vaxtlarda öz ölkəsinə rəhbərlik edərək böyük işlər görüb. Biz əmin olmaq istəyirik ki, Ermənistandakı adamların, o cümlədən Dağlıq Qarabağı tərk edənlərin dəstəyini alırıq", - Blinken deyib.
Dünənki dinləmələr zamanı Blinkendən bu yaxınlarda Gürcüstan parlamentində qəbul edilmiş və kütləvi etirazlara səbəb olmuş "xarici təsir" haqqında Rusiyasayağı qanun barəsində də soruşublar.
"Biz xarici agentlər haqqında qəbul edilmiş qanundan çox narahatıq", - Blinken deyib və sözügedən aktın "Moskvanın qaydalarına uyğun" olduğunu qeyd edib.
"Düşünürəm ki, bu, gürcülərin böyük əksəriyyətinin Avropa İttifaqı və Avropaya inteqrasiya istiqamətində hərəkət etmək istəyinə ziddir", - Blinken deyib.
"Odur ki, biz buna cavab olaraq nə edə biləcəyimizə çox diqqətlə baxırıq. Və düşünürəm ki, tədbir görəcəyik", - Blinken söyləyib, Turanın məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər