Apellyasiya məhkəməsindən "Toplum TV" işi üzrə QƏRAR

Xəbərin çap versiyası
Tarix: 4-06-2024, 11:26


İyunun 3-də Bakı Apellyasiya Məhkəməsində Toplum TV, Demokratik Təşəbbüslər İnstitutu və "III Respublika Platforması"nın ofislərində əmlaka həbs qoyulmasından verilmiş şikayətə baxılıb.

Civilazerbaijan.com
bildirir ki, mayın 23-də Xətai Rayon Məhkəməsi tərəfindən onların əmlakına həbs qoyulub.

Apellyasiya şikayətində ofislərdə bu cinayət işi ilə əlaqəsi olmayan şəxslərin əşyaları da olduğuna görə həbsin əsassız olduğu bildirilirdi. Bundan başqa, qeyd olunan əmlakdan hər hansı cinayətdə istifadə olunmadığı qeyd edilib.

Apellyasiya Məhkəməsi üç təşkilatın əmlakına qoyulmuş həbs qərarını qüvvədə saxlayıb.

Martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV"nin, "Demokratik Təşəbbüslər İnstitutu"nun, həmçinin "III Respublika Platforması"nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, "Toplum TV"nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri, həmçinin "III Respublika Platforması"nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Martın 8-də "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli və "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli həbs olunub. Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Hər ikisi də qaçaqmalçılıqda ittiham olunur. Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb, Amerikanın Səsinin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz