Teymur Kərimov məhkəmədə ona qarşı irəli sürülən ittihamı rədd edib

Xəbərin çap versiyası
Tarix: 6-06-2024, 12:53


İyunun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal 11” İnternet Televiziyasının rəhbəri, həbsdə olan jurnalist Teymur Kərimovun işi üzrə məhkəmə prosesi davam edib.

Civilazerbaijan.com
bildirir ki, Teymur Kərimov reportyor İstək Totiyeva ilə birlikdə mühakimə olunsa da, Totiyeva həbsdə deyil, məhkəmənin hökmünə qədər onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

İttihama əsasən, Teymur Kərimov onun rəhbərlik etdiyi kanalda reportyor olan İstək Totiyeva vasitəsilə Fərrux Ələkbərov və Leyla Almaszadə adlı şəxslərdən onlar haqqında materialların saytdan silinməsi üçün pul tələb edib və alıb. Jurnalist bu ittihamın yalan olduğunu, özünü təqsirli bilmədiyini deyib.

Bugünkü məhkəmədə zərərçəkmiş kimi tanınan şəxslərin ifadə veriləcəyi gözlənilsə də, onlar dindirilməyiblər. Prosesdə Kərimovla eyni maddədə ittiham olunan Totiyevanın ifadəsi səsləndirilib. Jurnalist məhkəmədə bildirib ki, ona həbs olunan zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“Bandotdel”) saat və tarixi qeyd olunmayan sənədlərə imza çəkdiriblər. Kərimov İstək Totiyevanın ifadəsində bəzi qanunsuzluqlar olduğunu deyib. Hakim isə bildirib ki, Totiyevanın verdiyi ifadə məhkəmədə öz təsdiqini tapmayıb, ona görə də bu ifadədə qanunsuzluq tapmaq və bunu istinad kimi götürmək olmaz.

“Kanal 11” İnternet Televiziyasının əməkdaşı Mehin Kərimli açıqlamasında bildirib ki, əgər Teymur Kərimov doğrudan da hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham olunursa, niyə onların kanalına da məhdudiyyət qoyulub.

“Biz materiallarımızı ora yükləyə bilmirik. Bütün komanda olaraq çörəyimizdən olmuşuq. Bizim rəhbərimizi tutublar, bizə heç bir yerdən iş təklifi gəlmir, hərəmiz bir tərəfdə qalmışıq. Nə edəcəyimizi bilmirik, çoxumuz başqa-başqa işlərlə məşğul oluruq, marketdə işləyənimiz var, fotoqraflıqla məşğul olanımız var. Teymur Kərimov hədə-qorxu ilə pul tələb etmişdisə, niyə onda biz ortalıqda qalmışıq? Teymur şərlənərək həbs olunub”.

İddialarla bağlı aidiyyatı qurumlardan mövqe almaq mümkün olmayıb.

Ötən il dekabrın 12-də Bakının Nərimanov Rayon Məhkəməsi "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində həbs qətimkan tədbiri seçib. Kərimov Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci və 182.2.4-cü maddələri ittiham olunur.

Kərimov yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

Hazırda Azərbaycanda 20-dən çox jurnalist və bloger həbsədədir. Bir sıra yerli və beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti jurnalistlərin həbsi ilə bağlı bəyanatla çıxış edərək Azərbaycan hakimiyyətini müstəqil mediaya və tənqidi səslərə qarşı təqibləri dayandırmağa çağırıb, Amerikanın Səsinin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz