AXCP-nin sədr müavini Ayaz Məhərrəmli saxlanılıb - YENİLƏNİB
Tarix: 7-06-2024, 13:29
7 İyun 2024, 16:05
Səhər saatlarında DİN-in haqqında məlumat yaydığı və guya Xalq Cəbhəsi Partiyasının sədr müavini Ayaz Məhərrəmlinin törətdiyi "oğurluq" faktı araşdırma ilə təsdiqini tapmayıb.
Civilazerbaijan.com bildirir ki, məhkəmə onu "kiçik xuliqanlığa" görə 150 manat cərimə etdikdən sonra günorta saatlarında o, sərbəst buraxılıb.
Hadisəni Turan agentliyinə şərh edən Ayaz Məhərrəmli deyib ki, Bakıdan Şirvana daha əvvəl də əşya apardığı ünvana yük çatdırmaq sifarişi alıb. "Göndərişi çatdırdıqda ev sahibləri məni nahar etmək üçün masaya dəvət etdilər. Süfrədə oturduğumuz vaxt polis qapını döydü və qonşulardan oğurluq haqqında məlumat daxil olduğunu dedi. Məni polisə apardılar və orada müxalifətçi olduğumu öyrəndilər. Oradan məhkəməyə apardılar və kiçik xuliqanlıqda ittiham edərək, 150 manat cərimə etdilər", deyə Xalq Cəbhəsi Partiyasının sədr müavini bildirib.
Baş verənləri şərh edən DİN "inzibati tədbirlər" görüldükdən sonra Məhərrəmlinin sərbəst buraxıldığını deyib.
* * *
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Ayaz Məhərrəmli saxlanılıb.
Civilazerbaijan.com bildirir ki, partiyadan Turan-a verilən məlumata görə, Məhərrəmli ilə 6 iyun axşam saatlarından əlaqə saxlamaq mümkün olmayıb. Bu gün isə məlum olub ki, onu saxlayıblar.
"Onu oğurluqda ittiham edirlər. Bu, mümkün deyil. O, taksi sürücüsü işləyirdi, ola bilsin ki, Bakıdan Şirvana nə isə aparmaq sifarişi alıb və bunu oğurluq kimi qələmə vermək istəyirlər. Hakimiyyətin narkotik və xuliqanlıq ittihamları tükənib, indi buna əl atıblar", deyə AXCP-nin mətbuat xidmətindən bildiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə Turan-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 6-da saat 23 radələrində DİN-in "102 Zəng Mərkəzi"nə Şirvan şəhərində evlərin birinə oğurluq məqsədilə naməlum şəxsin daxil olması və bunun yaşayış sahəsində mövcud olan kameraya düşməsi ilə bağlı müraciəti daxil olub.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər