Ermənistan sülh sazişini bir aya imzalamağa hazırdır - ARARAT MİRZOYAN
Tarix: 27-06-2024, 18:56
"Ermənistan Azərbaycanla sülh sazişinin yekun mətnini bir ay ərzində yekunlaşdırmağa və imzalamağa hazırdır".
Civilazerbaijan.com bildirir ki, bunu iyunun 27-də Tallində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan estoniyalı həmkarı Maqnus Tsakhna ilə birgə mətbuat konfransında deyib.
Ancaq Ararat Mirzoyan Bakıdan müsbət cavab gözlədiyini əlavə edib.
İyunun 26-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın Azərbaycandan sülh müqaviləsi üzrə 10-cu təkliflər paketini aldığını bildirmişdi.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 6-da bildirmişdi ki, bu ilin noyabrına qədər Ermənistanla sülh sazişinin imzalanması kifayət qədər realdır. Eyni zamanda, o qeyd edib ki, bu sənədin imzalanması Ermənistan Respublikasının Konstitusiyasını dəyişdirmədən mümkün deyil.
Bakı ilə Yerevan arasında nə baş verib?
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb, Meydan TV-nin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər