İlham Əliyev: Ermənistan Konstitusiyasına dəyişiklik etməsə sülh müqaviləsi bağlanmayacaq
Tarix: 2-07-2024, 12:22
"Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir".
Civilazerbaijan.com bildirir ki, bu barədə iyulun 1-də Azərbaycan prezidenti İlham Əliyev Kanadanın yeni təyin edilmiş səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən bildirib.
Bununla belə, Əliyev "danışıqlar prosesi çərçivəsində kifayət qədər sürətli irəliləyiş" olduğunu qeyd edib.
"Zənnimcə, sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik", deyə Əliyev qeyd edib.
Onun fikrincə, əvvəlcə əsas prinsiplərlə bağlı razılıq əldə edilə, onlar paraflana və daha sonra sazişin mətni üzərində iş gedə bilər.
Lakin o bildirib ki, bu, Ermənistan Konstitusiyasına dəyişiklik edildiyi təqdirdə mümkündür.
"Qayıdış hüququ" ilə əlaqədar səfirin şərhinə cavabında Əliyev bildirib ki, bu hüquq qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi Azərbaycan İcmasının nümayəndələrinə şamil edilməlidir.
Turanın məlumatında qeyd olunur ki, bu xüsusda o, keçən yüzillikdə, sonuncusu 1988-ci ildə olmaqla müxtəlif mərhələlərdə köklü Azərbaycan əhalisinin indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qaldığını və onlara aid maddi-mədəni irsin tamamilə dağıdıldığını qeyd edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər