İlham Əliyevlə Olaf Şolts sülh müqaviləsini, COP29 sammitini müzakirə edib

Xəbərin çap versiyası
Tarix: 19-07-2024, 12:35


İyulun 18-də Azərbaycanın Prezidenti İlham Əliyev ilə Almaniyanın Kansleri Olaf Şolts görüşüb.

Civilazerbaijan.com
bildirir ki, “Azərtac”ın məlumatına görə, Oksfordda baş tutan görüşdə Almaniya Kansleri Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyini dəstəklədiyini diqqətə çatdırıb.

Rəsmi xəbərə görə, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kanslerinin təşəbbüsü və iştirakı ilə İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünün vacibliyi bildirilib.

Bunun ardınca Almaniya tərəfinin dəstəyi və ev sahibliyi ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşünün keçirildiyi qeyd olunub.

Məlumata əsasən, İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında danışıqlar prosesinin tərkib hissəsi kimi sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində əldə olunmuş uğurları qeyd edib, delimitasiya prosesi ilə əlaqədar sənədlərin razılaşdırıldığını və prosesin bu xətt üzrə davam edəcəyini deyib.

Prezident bildirib ki, Azərbaycan sülh gündəliyini, sülh müqaviləsinin tezliklə imzalanmasını və sülh prosesini dəstəkləyir, amma bunun üçün, ilk növbədə, Ermənistanın Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar və Azərbaycanın Qarabağ regionunun Ermənistanla birləşməsini nəzərdə tutan müddəalar dəyişdirilməli, konstitusional əsasda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda ABŞ Dövlət katibi Entoni Blinkenin dəstəyi ilə keçirilmiş görüşündə də bu məsələlərin müzakirə olunduğu vurğulanıb.

Rəsmi məlumatda deyilir ki, görüşdə COP29-la əlaqədar hazırlıq prosesi də müzakirə olunub:

“Azərbaycan ilə Almaniyanın bu sahədəki əməkdaşlığı təqdir edildi və yüksək qiymətləndirildi”.

İlham Əliyev deyib ki, Azərbaycan COP29-la əlaqədar dünya ölkələri, xüsusilə Qlobal Cənub və Qlobal Şimal arasında konsensusun qurulması, həmrəyliyin artırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcək.

“Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirildi.

Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıldı və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu”, – agentliyin məlumatında bildirilir.

Oksfordda Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısı keçirilib. İlham Əliyevlə Nikol Paşinyan da toplantıya qatılıb, Meydan TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz