Ukrayna Kurskdakı hərbi əməliyyatla bağlı ABŞ-a xəbərdarlıq etməyib - DÖVLƏT DEPARTAMENTİ
Tarix: 8-08-2024, 13:23
Birləşmiş Ştatlar bəyan edib ki, ukraynalılar bir gün əvvəl Rusiyanın Kursk bölgəsinə daxil olarkən Amerika silahlarının istifadəsi ilə bağlı razılaşmanı pozmayıblar. Məlumata görə, Ukrayna ordusu Kursk bölgəsinə qəfil müdaxilə edərək Moskvada çaxnaşma yaradıb və onu ora əlavə qoşun yeritməyə məcbur edib.
Civilazerbaijan.com bildirir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə TURANın suallarını cavablandırarkən deyib: “Hərbi əməliyyatların necə aparılması ilə bağlı qərarlar Ukraynanın özünün verdiyi qərarlardır”.
Moskva çərşənbə günü səhər saatlarında Ukraynanın bir neçə kəndi ələ keçirməsi və iki istiqamətdə bir neçə kilometr irəliləməsindən sonra Kurskda təhlükəsizliyi gücləndirdiyini bildirib. Vladimir Putin bu müdaxilə “genişmiqyaslı təxribat” adlandırıb.
“Mən Rusiya hökumətinin bəyanatlarını görmüşəm, onlar bunu təxribat adlandırırlar, lakin onlar özləri Ukrayna ərazisini işğal edirlər...” Miller TURANın müxbirinə bildirib.
“Siyasətimizdə heç nə dəyişməyib və ukraynalıların bugünkü hərəkətləri bizim siyasətimizi pozmur”, o vurğulayıb.
Miller əlavə edib ki, Kiyev Kursk bölgəsinə müdaxiləsi ilə bağlı Vaşinqtonu əvvəlcədən xəbərdar etməyib. “Çox vaxt ukraynalılar öz hərəkətləri barədə bizə məlumat vermirlər, bu, onların apardıqları müharibədir və bu, onların qərarlarıdır”.
Vaşinqtonda yerləşən Müharibənin Öyrənilməsi İnstitutu (ISW) tədqiqat qrupu hesab edir ki, Ukrayna qüvvələri Kursk bölgəsinə doğru 10 kilometrə qədər irəliləyib.
Ukraynalılar Suca keçid məntəqəsində 40-dan çox hərbçini əsir götürüb.
Rusiyanın keçmiş prezidenti, hazırda isə Təhlükəsizlik Şurası sədrinin müavini olan Dmitri Medvedev Rusiya əsgərlərini Ukraynanın dərinliklərinə girməyə çağırıb. Moskva Kursk vilayətini hədəfə alan Ukrayna dronları və raketlərini tutduğunu açıqlayıb.
Kurskun qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov avqustun 7-də fövqəladə vəziyyət elan edib. Bu arada Ukrayna quru hücumunu davam etdirib, Rusiya isə hücumun tankların, zirehli texnika və artilleriyanın dəstəyi ilə aparıldığını deyib.
Rusiyanın Müdafiə Nazirliyi avqustun 8-də bildirib ki, Kursk vilayəti üzərində altı dron və beş raket, Belqorod vilayəti üzərində isə 14 dron vurulub.
Ukraynanın Kursk vilayətinə girməsini şərh edən Medvedev vurğulayıb ki, Moskva Rusiyanın özününkü saydığı ərazilərdən kənara çıxmalıdır. O, Ukraynanın Odessa, Xarkov, Dnepr, Nikolayev və Kiyev vilayətlərində irəliləməyə çağırıb.
Rusiya prezidenti Vladimir Putin isə bundan öncə Kiyevi Kurskda mülki və yaşayış hədəflərini vurmaqda ittiham edib. Rusiyanın müharibəni təbliğ edən blogerləri Ukrayna qüvvələrinin bir neçə kəndi ələ keçirdiyini yazıblar.
Avqustun 7-də hökumətin iclasında çıxış edən Putin bu hərbi əməliyyatı “daha bir irimiqyaslı provokasiya” adlandırıb.
Ukrayna rəsmiləri Kurska müdaxiləni şərh etməyiblər. Amma Ukrayna prezidenti Volodimir Zelenski avqustun 7-də deyib ki, düşmənin məhvini davam etdirmək vacibdir, “əsgərlərimiz bunu necə etməyi bilirlər, elə effektiv edirlər ki, nəticə verir”.
Onun sözlərinə görə, Rusiyaya daha çox təzyiq göstərildikcə, sülh daha yaxın olacaq, “Güc vasitəsilə sülh kimi. Bunu təmin edən hər kəsə təşəkkürlər”.
Aİ-nin sözçüsü Piter Stano (Peter Stano) AzadlıqRadiosunun Ukrayna xidmətinə deyib ki, blok döyüş əməliyyatlarını şərh etmir, amma inanır ki, “Ukraynanın özünü müdafiə etmək, eləcə də təcavüzkarı öz ərazisində vurmaq hüquqi var”.
ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi (John Kirby) avqustun 7-də deyib ki, Ağ ev Kursk vilayətində vəziyyəti “daha yaxşı anlamaq” üçün Ukrayna ilə əlaqə saxlayıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər