Bayden Ukraynanın uzaqmənzilli silahlarla Rusiyaya zərbə endirməsinə icazə verib
Tarix: 18-11-2024, 12:37
ABŞ mediasının yazdığına görə, Bayden administrasiyası Ukraynaya Rusiya ərazisinin dərinliklərinə ABŞ silahları ilə zərbələrin endirilməsinə qoyduğu məhdudiyyəti aradan qaldırıb.
Civilazerbaijan.com bildirir ki, ABŞ rəsmisi BBC-nin ABŞ-dakı tərəfdaşı CBS-yə ölkə siyasətində böyük dəyişiklik olan bu qərarı təsdiqləyib
Bilgiləri təsdiqləməyən Ukrayna prezidenti Volodımır Zelenski bildirib ki, "zəfər planı"nın əsas bəndlərindən biri müttəfiqlərin verdiyi uzaqmənzilli silahlardan istifadəni nəzərdə tutur.
"Hərbçilər zərbələri sözlərlə endirmir. Raketlərin özü özü haqqında danışacaq", - Zelenski Teleqram sosial şəbəkəsindəki paylaşımında belə yazıb.
"Reuters" təfərrüata varmasa da, Kiyevin bu silahlarla ilk zərbəni yaxın günlərdə gerçəkləşdirəcəyini bildirib.
Ukrayna, böyük ehtimalla, uçuş radiusu 300 km olan ATACMS raketlərindən yararlanacaq.
Bayden administrasiyası yanvarın 20-də Ağ evi tərk edənədək Ukraynaya yardımı gücləndirmək imkanları axtarır. Baydenin Kiyevə dəstəyini tənqid edən Tramp bildirib ki, tezliklə Ukraynanın ürəyincə olmayan şərtlərlə savaşın dayandırılmasına nail olmağa çalışacaq.
"Bu siyasət… Trampın özünə də sərf edəcək"
ABŞ qoşunlarının Avropadakı keçmiş komandanı, istefada olan general-leytenant Ben Hoces AzadlıqRadiosuna bildirib ki, bu, Trampın Ağ evə qayıdışınadək ABŞ-ın hərəkətsiz qalmayacağına dair Rusiyaya bir işarədir: "Tramp administrasiyası işə başlarkən, bu siyasət artıq gerçəkləşməkdə olacaq və Donald Trampın özünə də sərf edəcək".
General-leytenant bunu da deyib ki, Ukrayna, böyük ehtimalla, uzaqmənzilli raketlərdən düşmənin Kursk vilayətindəki komanda məntəqələrinə, silah anbarlarına və artilleriya batareyalarına zərbələr endirəcək. O, Ukrayna şəhərlərini atəşə tutmaq üçün istifadə olunan Rusiya aerodromlarının sonrakı hədəf olacağını da söyləyib.
Şotlandiyadakı Sent-Endrüs Universitetinin professoru Fillips O'Brayen belə bir addımın çoxdan gərəkdiyini deyərək əlavə edib ki, əsas narahatedici məqam Ağ evə qayıdandan sonra Trampın bu siyasəti dayandıra biləcəyidir.
ABŞ-ın Böyük Britaniya, Fransa və digər müttəfiqlərini də bənzər addımlar atmağa məcbur edəcəyi düşünülür.
Kiyevin bir çox müttəfiqi qərara birmənalı yanaşmır
Ukraynanın uzaqmənzilli Qərb silahlarından istifadəsini Kiyevin bir çox müttəfiqi birmənalı qarşılamayıb. Bəziləri Rusiyanın cavab zərbəsindən və Avropada daha geniş savaşın yayılmasından ehtiyatlanır.
Bayden sözügedən icazəni verməyə istəkli olmasa da, mayda Ağ ev Ukraynaya endirilən qaçılmaz zərbələrin önünü kəsmək üçün Rusiya sərhədindəki hədəflərə belə silahlarla məhdud zərbələr endirməyə icazə vermişdi.
Bir çox media orqanı Baydenin icazəsini Şimali Koreyadan Rusiyaya minlərlə hərbçi göndərilməsinə və onların Kursk vilayətindəki savaşa qatılmasına cavab kimi dəyərləndirir.
Kreml Ukraynaya uzaqmənzilli silahlardan istifadəyə icazə verilməsinin münaqişəni ciddi ölçüdə gərginləşdirəcəyi barədə Qərbə xəbərdarlıq edib.
Rusiya tammiqyaslı hərbi müdaxiləyə başlayandan bəri uzaqmənzilli silahları və təyyarələri ilə Ukraynanın hərbi, eləcə də mülki və infrastruktur obyektlərinə zərbələr endirib.
Noyabrın 17-də Ukraynanın enerji infrastrukturuna şiddətli hava zərbəsindən sonra ölkəboyu elektrik kəsintiləri gözə dəyib.
Avropa İttifaqı, NATO və digər Qərb müttəfiqləri Rusiyanın sonuncu zərbəsini qınayıb və bundan sonra da Ukraynaya dəstəyi sürdürəcəklərini bildirib, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər