Tbilisidə polis aksiyanı dağıtmağa çalışıb, həbs olunanlar var

Xəbərin çap versiyası
Tarix: 19-11-2024, 12:44


Səhərə yaxın polis Çavçavadze prospektində, Tbilisi Dövlət Universiteti (TDU) yaxınlığında aksiya iştirakçılarını dağıdıb.

Civilazerbaijan.com
bildirir ki, hadisə yerində olan Meydan TV əməkdaşının sözlərinə görə, çoxlu sayda polis, xüsusi təyinatlı, robokop və su şırnaqları əraziyə səfərbər edilib.

Daxili İşlər Nazirliyi bəyanat yayıb ki, etirazçılara yolu təmizləmək üçün 15 dəqiqə vaxt verilib.
Müxalifət nümayəndələri vətəndaşlarla birlikdə ikinci gecəni TDU-nun birinci korpusunun yaxınlığında keçiriblər.

Melikişvili prospektində saxlanılanlar arasında “Mtavari Arxi” kanalının operatorlarından Sergi Baramidze də var. O, çəkiliş edərkən saxlanılıb. Televiziya şirkətinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları həbs zamanı operatora qarşı fiziki zorakılıq tətbiq ediblər.

Polis Melikişvili prospektində keçirilən aksiya iştirakçılarını da həbs edib. Saxlanılanların dəqiq sayı məlum deyil.

“Azadlıq” radiosunun müxbirinin verdiyi məlumata görə, təqribən 10 nəfərə yaxın adam həbs edilib. İlkin məlumata görə, mitinq iştirakçıları inzibati xətaya görə, xuliqanlıq və polisin qanuni tələbinə tabe olmadıqları üçün saxlanılıblar.

Melikişvili prospektində keçirilən aksiyanın iki iştirakçısına təcili tibbi yardım göstərilib.

“Dəyişiklik üçün Koalisiya”dan verilən məlumata görə, polis zorakılığı nəticəsində həbs olunanlar arasında Rustavi seçki qərargahının rəhbəri Manuçar Çaçanidze və koalisiyanın nümayəndəsi Saba Tşvitaridze də var. “Axali” Partiyasının siyasi şurasının üzvü yaralanaraq xəstəxanaya aparılıb.

Oktyabrın 26-da keçirilən parlament seçkilərini saxta hesab edən və təkrar seçkilərin keçirilməsini tələb edən aksiya iştirakçıları Çavçavadze prospektində çadır qurublar.

Polis TDU-nun birinci binasını əhatə edən ərazidən çadırları götürərək aksiya iştirakçılarını zorla Melikişvili prospektinə doğru dağıdıb. Bu ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə nümayişçilər arasında qarşıdurma yaranıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları “Public”in jurnalisti Mindia Qabadzeyə də fiziki təzyiq göstəriblər. Onun “Azadlıq” radiosuna verdiyi məlumata görə, nümayişçilərin həbsini lentə almaq istəyən zaman hüquq-mühafizə orqanları onu təhqir ediblər.

“OC Media”nın jurnalisti Mariam Nikuradze sosial şəbəkədə hüquq-mühafizə orqanı əməkdaşının onun çəkilişinə mane olduğu barədə yazıb.

Çavçavadze prospektinə polis qüvvələrinin göndərilməsi ilə eyni vaxtda Daxili İşlər Nazirliyi bəyanat yayıb ki, nümayişdə iştirak edənlərin sayı az olduğu üçün yolun hərəkət hissəsinin süni şəkildə bağlanması yolverilməzdir. “Polis həmin ərazidə yaşayan, işləyən və oxuyanların hüquqları arasında ədalətli tarazlığı qorumağa borcludur”,- deyə bəyanatda qeyd olunub.

Aksiyaçılar hazırda “Rustaveli” metrosu yaxınlığına toplaşıblar.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz