Tramp Pasxa bayramına qədər Ukraynada atəşkəsə nail olmaq istəyir - BLOOMBERG

Xəbərin çap versiyası
Tarix: 17-02-2025, 20:29

Foto açıq mənbədən götürülüb

Ağ Ev Avropa rəsmilərini 2025-ci ilin Pasxa bayramına qədər Ukraynada atəşkəsə nail olmaq niyyəti barədə xəbərdar edib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Bu il Pasxa həm katoliklər, həm də pravoslavlar üçün aprelin 20-nə təsadüf edir.

Bəzi Qərb rəsmiləri ABŞ və Rusiya rəsmiləri arasında gələn həftə Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan məsləhətləşmələrə baxmayaraq, planın çox iddialı və mümkünsüz olduğunu düşünürlər.

Bu görüşlər prezidentlər Tramp və Putin arasında mümkün danışıqlara hazırlıq məqsədi daşıyır.

Mənbələrdən biri qeyd edir ki, atəşkəsin bağlanması üçün daha real son tarix 2025-ci ilin sonu ola bilər. Qarşıdan gələn danışıqlar fonunda Avropa ölkələri Ukraynaya yeni irimiqyaslı hərbi yardım paketi hazırlayır.

“Bloomberg” xəbər verir ki, planın təfərrüatları 23 fevral 2025-ci ilə qədər açıqlanmayacaq. Həmin vaxta qədər Almaniyada növbədənkənar parlament seçkiləri artıq baş tutmuş olacaq.

Agentliyin mənbələri bildirirlər ki, bu, siyasətçilərə səsvermədən əvvəl mübahisələrdən yayınmağa imkan verəcək.

Yanvarın sonunda Ukraynanın “Strana.ua” nəşri Donald Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək üçün nəzərdə tutulan 100 günlük planını dərc edib. Təsdiqlənməmiş məlumatlara görə, aprelin 20-də atəşkəs elan oluna bilər, mayın 9-da isə sülh konfransının bəyannaməsinin hazırlanacağı gözlənilir.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası bəyan edib ki, müharibənin başa çatması və danışıqların başlanmasının konkret tarixləri ilə bağlı mətbuatda dərc olunan məlumat reallığa uyğun gəlmir, Toplum TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz