Tramp və Putin nədən danışıblar?
Tarix: 19-03-2025, 15:19
ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin martın 18-də telefonla danışıblar.
Civilazerbaijan.com bildirir ki, prezidentlər əsasən Ukrayna və Rusiya arasında üç ildən çox davam edən müharibəni və atəşkəs danışıqlarını müzakirə ediblər.
Telefon danışığı zamanı Rusiya qarşılıqlı olmaq şərtilə 1 ay ərzində Ukraynanın enerji infrastrukturuna zərbə vurmamağa razı olub.
Daha öncə ABŞ və Ukrayna arasında razılığa gəlinən və Rusiyaya təklif olunan 1 aylıq atəşkəs məsələsinə gəldikdə, Rusiya tərəfi buna razı olmaq üçün müəyyən şərtlər irəli sürüb.
Bunlar cəbhə xətti boyunca atəşkəsin effektiv monitorinqi, Ukraynada səfərbərliyə son verilməsi və Ukrayna ordusunun silahlandırılmasının dayandırılmasıdır.
Putin, həmçinin münaqişənin həlli üçün onun “kökündə olan səbəblərin” aradan qaldırılması və ölkəsinin Ukraynadakı “legitim təhlükəsizlik maraqlarının” nəzərə alınmasının vacibliyini qeyd edib.
O, habelə ABŞ-dan Ukraynaya hərbi və kəşfiyyat yardımının dayandırılmasını istəyib.
Danışığa əsasən, ABŞ və Rusiya nümayəndələri Qara Dənizdə dəniz naviqasiyasının təhlükəsizliyinə dair razılaşma üzərində işləməyə başlayacaqlar.
Rusiya tərəfi həm də martın 19-u Rusiya və Ukrayna arasında hər tərəfdən 175 nəfər olmaqla növbəti əsir mübadiləsinin baş tutacağını açıqlayıb.
Əlavə olaraq, Rusiya 23 yaralı ukraynalı əsgəri qarşı tərəfə təhvil verəcək.
Tərəflər həmçinin Yaxın Şərqdəki iğtişaşlar, nüvə silahından imtina razılaşmaları, “ikitərəfli münasibətlərin normallaşdırılmasında qarşılıqlı maraq” və rus və amerikalı oyunçular arasında xokkey oyunlarının keçirilməsini müzakirə ediblər, Toplum TV-nin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər