USAGM AzadlıqRadiosunun qrantının bir hissəsini ödəməyə razıdır
Tarix: 25-03-2025, 10:24
ABŞ-ın Qlobal Media Agentliyi (USAGM) Konqresin Azad Avropa/Azadlıq Radioları üçün təsdiqlədiyi maliyyənin bir hissəsini ödəməyə razılaşıb.
Civilazerbaijan.com bildirir ki, bu, Vaşinqtonda keçirilən məhkəmədən öncə bəlli olub. Radio agentliyi onun federal maliyyəsini kəsmək cəhdinə görə məhkəməyə verib.
Bu o deməkdir ki, AzadlıqRadiosu martın 1-dən 14-dək olan dövr üçün 7.46 milyon dolları alacaq. USAGM-in məhkəməyə təqdim etdiyi məktubda pulun martın 26-dək ayrılacağı, AzadlıqRadiosunun vəsaiti ayın sonunadək alacağı deyilir.
Martın 24-də Vaşinqton məhkəməsi maliyyələşdirmənin dayandırılması ilə bağlı AzadlıqRadiosunun ABŞ Qlobal Media Agentliyinə (USAGM) qarşı ilk iddiasına baxıb.
Kolumbiya Dairə Məhkəməsi hər iki tərəfin bu iş üzrə arqumentlərini dinləyib.
İddia ABŞ Konqresində təsdiqlənmiş qrantdan məhrum olunduğuna görə AzadlıqRadiosunu "düzəlməz" zərərdən qurtarmaq məqsədi güdür.
AzadlıqRadiosu USAGM-dən martın 1-dən martın 15-dək olan dövrü əhatə edən 7.5 milyon dolların ödənilməsini tələb edir. Martın 15-də AzadlıqRadiosunun Konqresin 2025-ci il üçün təsdiq etdiyi qrantdan maliyyələşdirilməsinin dayandırıldığı elan olunub.
İddiada deyilir ki, Konqresin AzadlıqRadiosuna ayırdığı vəsaitlərə çıxışın məhdudlaşdırılması federal qanunları və Amerika parlamentinə federal xərclər üzərində ən yüksək səlahiyyət verən ABŞ Konstitusiyasını pozur.
Məhkəmədən yayım korporasiyasına dəyən ziyanı məhdudlaşdırmaq üçün mart vəsaitlərinin ödənilməsi ilə bağlı USAGM-ə qarşı müvəqqəti qadağa əmri (TRO) çıxarması xahiş olunur.
AzadlıqRadiosu sentyabrın 30-da başa çatacaq 2025-ci büdcə ili üçün Konqresin ona ayırdığı qrant vəsaitlərinin qalan hissəsini almaq üçün digər hüquqi tədbirlər də görür. Qalan məbləğlə bağlı müvəqqəti qadağa əmri üçün ilkin dinləmələr aprelin ortalarına təyin edilib.
USAGM öz ərizəsində bildirib ki, Kolumbiya Dairə Məhkəməsi işə baxılması üçün uyğun yer deyil və Konqres USAGM-ə "qrant alanlara nəzarət etmək üçün geniş səlahiyyətlər verib.
"Bu məhkəmənin iddiaçının USAGM-in qərarını ləğv tələbini təmin etmək səlahiyyəti olsaydı belə, bu, ictimai maraqlara cavab verməzdi ", - sənəddə vurğulanır, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər