Apellyasiya məhkəməsi “Azadlıq Radiosu” və “Amerikanın Səsi”nin əleyhinə qərar verib

Xəbərin çap versiyası
Tarix: 5-05-2025, 20:26


ABŞ Apellyasiya Məhkəməsi Azad Avropa/Azadlıq Radioları (RFERL) və digər xəbər qurumlarına Konqresin təsdiqlədiyi pulun köçürməsini tələb edən aşağı instansiya məhkəməsi qərarlarının icrasını dayandırıb.

Civilazerbaijan.com
bildirir ki, Vaşinqtondakı üç hakimdən ibarət Kollegiyanın 1 may və eyni Kollegiyanın 3 may tarixli müvafiq qərarı Azad Avropa/Azadlıq Radiolarının büdcəsinin, eləcə də material dərc etməyə və yayımlamağa davam etmək qabiliyyətini sual altına qoyur.

Aprelin 29-da ABŞ dairə hakimi Roys Lambert RFERL-in xeyrinə müvəqqəti məhdudlaşdırıcı qərar (TRO) çıxarıb, Konqresin ayırdığı pulun bir qisminin ayrılmasını istəyib.

Mayın 1-də Kolumbiya Dairəsi üzrə ABŞ Apellyasiya Məhkəməsinin qərarında isə Lambertin çıxardığı hökmün icrasına fasilə verilib.

Hakimlər kollegiyası bildirib ki, məhkəmədə ABŞ Qlobal Media Agentliyini (USAGM) təmsil edən ABŞ Ədliyyə Departamenti hüquqşünaslarına təcili vəsatətlərini dinləmək üçün "kifayət qədər fürsət" tanımaq istəyir.

Azad Asiya Radiosu mayın 9-da işçilərinin, demək olar, hamısının, o cümlədən məcburi məzuniyyətə göndərilənlərin işdən çıxarılacağını bildirib.

AzadlıqRadiosu isə büdcə sıxıntılarından dolayı artıq işçilərinin bir qismini məzuniyyətə göndərib, frilans müqavilələrini ləğv edib.

"Amerikanın Səsi"nin (VOA) durumu daha qarışıqdır. Hakim Lambert aprelin 22-də VOA əməkdaşlarının işə bərpası üçün "gərəkən bütün addımları atmaq" əmri verib.

Mayın 2-də USAGM yüzlərlə işçiyə e-mail göndərək onları növbəti günlərdə işə dönməyə hazır olmağı tapşırıb. Mayın 3-də isə RFE/RL-in işinə baxan məhkəmə heyəti Lambertin qərarına fasilə verib, onun VOA işçilərinin işə qayıtmasına göstəriş verməyə yurisdiksiyasının olmadığını bildirib.

Bu qərarın AzadlıqRadiosu üçün də hüquqi nəticələri ola bilər, hazırda onun məhkəmə iddiasına baxılır.

Trampın USAGM-i bağlamaq səylərinə nəzarət üçün təyin etdiyi Keri Leyk X postunda apelyasiya məhkəməsinin qərarını alqışlayıb: "Görünür, Dairə Məhkəməsi hakimi agentliyi istədiyi kimi idarə edə bilməyəcək".

AzadlıqRadiosu 2025-ci büdcə ili üçün pulunun qalan hissəsinə əldə etməyə çalışır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz