ABŞ-da İsrail səfirliyinin iki əməkdaşı güllələnib

Xəbərin çap versiyası
Tarix: 22-05-2025, 20:01


ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail səfirliyinin iki işçisi - Sara Milqrim və Yaron Lişinski tapançadan açılan atəşlə öldürülüb.

Civilazerbaijan.com
bildirir ki, hadisə Vaşinqton vaxtı ilə mayın 21-i gecə saatlarında, Yəhudi Muzeyinin yaxınlığında baş verib. Məlumata görə, öldürülən şəxslər nişanlanmağa hazırlaşan gənc cütlük olub.

Hadisəni törətməkdə şübhəli kimi Çikaqo şəhərindən olan 30 yaşlı Elias Rodriqes saxlanılıb. “ABC News” kanalının Kolumbiya dairəsinin polis rəhbəri Pamela Smitə istinadən verdiyi məlumata görə, şübhəli şəxs saxlanıldıqdan sonra “Fələstinə azadlıq!” şüarını səsləndirib və “bunu Qəzza üçün etdim” deyə izah edib.

“Atəş açmazdan əvvəl şübhəli şəxsin muzeyin yaxınlığında irəliləyib geri qayıtdığı müşahidə olunub. O, dörd nəfərdən ibarət qrupa yaxınlaşaraq, tapança çıxarıb və atəş açıb”, – Pamela Smit bildirib.

Hadisəni törədən şəxsin təkbaşına hərəkət etdiyi ehtimal olunur. Saxlanıldıqdan sonra Rodriqes silahını harada saxladığını söyləyib və silah müsadirə edilib.

“Bu açıq-aşkar antisemitizmə əsaslanan, dəhşətli Vaşinqton qətlləri dərhal dayandırılmalıdır! Nifrətə və radikalizmə ABŞ-da yer yoxdur. Qurbanların ailələrinə başsağlığı verirəm!” – ABŞ Prezidenti Donald Tramp sosial mediada yazıb.

“Bu, ikrah doğuracaq bir nifrət və antisemitizm aktıdır", - İsrail Prezidenti Ayzek Hersoq "X" səhifəsində qeyd edib.

Qeyd edək ki, Sara Milqrim səfirliyin İctimai Diplomatiya üzrə Mütəxəssisi, Yaron Lişinski isə Siyasi Departamentdə Tədqiqat Köməkçisi vəzifəsində çalışıb. İsrailin ABŞ-dəki səfiri Yehiel Layteri öldürülən iki əməkdaşın yaxın zamanda evlənməyə hazırlaşdığını deyib.

2025-ci il yanvarın 20-də Tramp yenidən prezident seçiləndən sonra ölkənin Ədliyyə Nazirliyinə və digər müvafiq qurumlara ABŞ-də antisemitizmə qarşı mübarizəni gücləndirməyi tapşırıb.

Yanvarın 29-da Tramp nümayişlərdə fələstin tərəfdarı olaraq iştirak edən və İsrailin Qəzzadakı hərəkətlərini tənqid edən universitet tələbələrinin və müəllimlərinin üzərində nəzarəti gücləndirmək üçün fərman imzalayıb.

Bu hücum, indiyədək ABŞ-də İsrailin səfirlik işçilərinə qarşı yönələn ikinci silahlı hücumdur. Bundan öncəki hücum 1973-cü ildə baş tutub və nəticədə İsrailin ABŞ-dəki attaşesi 5 güllə yarası nəticəsində həyatını itirib Ümumilikdə, dünyada İsrailin səfirlik işçilərinə qarşı onlarla silahlı hücum baş verib.

Mayın 21-də baş verən qətl İsrailin Qəzza zolağında yeni əməliyyatlara start verməsi fonunda baş verib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz