İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb - NƏTİCƏ

Xəbərin çap versiyası
Tarix: 2-06-2025, 19:35


Bu gün, iyunun 2-də İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında Ukraynadakı silahlı münaqişəyə son qoyulması ilə bağlı danışıqların yeni raundu keçirilib.

Civilazerbaijan.com
bildirir ki, ümayəndə heyətlərinin görüşü Bakı vaxtı ilə saat 15:40-da, təyin olunduğu vaxtdan saat yarımdan çox gec başlayıb. 17:00-da danışıqların başa çatdığı elan edilib. Beləliklə, danışıqlar saat yarımdan az davam edib.

Türkiyə mediası ölkənin Xarici İşlər Nazirliyinə istinadən bildirib ki, görüş "mənfi olmayıb".

Ukrayna prezident ofisinin rəhbəri Andriy Yermak X sosial media hesabında bildirib ki, bu günkü danışıqlarda Ukrayna nümayəndə heyəti Rusiya tərəfinə geri qaytarılmasını tələb etdiyi uşaqların siyahısını təqdim edib.

"Rusiyanın qeyri-qanuni şəkildə deportasiya etdiyi, zorla köçürdüyü və ya müvəqqəti işğal olunmuş ərazilərdə saxladığı yüzlərlə uşaqdan söhbət gedir", – deyə Yermak bildirib.

Yermakın sözlərinə görə, siyahıda yüzlərlə ad var. Onun sözlərinə görə, uşaqların qaytarılması Rusiyanın "niyyətinin səmimiliyinin ilk sınağı" ola bilər. Bu tələb Ukrayna prezidenti Volodimir Zelenskinin iyunun 1-də açıqladığı üç əsas şərtdən biridir: "Birincisi – tam və qeyd-şərtsiz atəşkəs. İkincisi – əsirlərin azad olunması. Üçüncüsü – oğurlanmış uşaqların geri qaytarılması".

Moskva isə uşaqları müharibədən qorumaq üçün köçürdüyünü iddia edir.

V.Zelenski iyunun 2-də bildirib ki, Rusiya və Ukrayna hərbi əsirlərin mübadiləsinin növbəti məərhələsini də müzakirə edir. O, bu barədə Litvanın paytaxtı Vilnüsdə Mərkəzi Avropa və Şimali Avropa ölkələrinin iştirakı ilə baş tutan sammitdə danışıb.

Mayın 16-da İstanbulda keçirilən danışıqların ilk raundunda tərəflər hərəyə 1000 hərbi əsirin dəyişdirilməsi barədə razılığa gəlib və bu mübadilə ötən ay - mayda başa çatdırılıb.

Ukrayna prezidenti onu da əlavə edib ki, Rusiya və Ukrayna Türkiyənin vasitəsilə müharibənin bitirilməsi üçün öz baxışlarını əks etdirən sənədləri mübadilə ediblər.

Qeyd edək ki, Ukrayna ilə Rusiya bütün ağır xəstə hərbi əsirləri və 25 yaşdan kiçik şəxsləri mübadilə etmək barədə razılığa gəliblər. Bunu Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov danışıqların nəticələrini şərh edərkən bildirib.

"Rusiya atəşkəsə və liderlərin görüşünə razı olmadı. Biz yalnız əsirlərin mübadiləsinə razılaşdıq", - o vurğulayıb.

Ukrayna iyunun 20-dən 30-a kimi yeni görüşün keçirilməsini təklif edib, AzadlıqRadiosunun məlumatında qeyd olunur.

Rusiya isə danışıqlarda Ukrayna tərəfinə iki hissədən ibarət memorandum təqdim edib.

TASS-ın xəbərinə görə, bunu Rusiya nümayəndə heyətinin rəhbəri - prezidentin köməkçisi Vladimir Medinski bildirib.

"Biz iki hissədən ibarət olan memorandumu Türkiyə tərəfinə təqdim etmişik. Birinci hissə uzunmüddətli həqiqi sülhə necə nail olunması, ikinci hissə isə tam atəşkəsin mümkün olması üçün hansı addımların atılması ilə bağlıdır.

Hazırladığımız plan kifayət qədər müfəssəldir. Buna görə də Ukrayna tərəfi onu öyrənməyi qərara alıb. Öyrənib cavab verəcəklər", - Medinski bildirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz