Zohran Mamdani Nyu-York meri seçilib
Tarix: 5-11-2025, 21:30
ABŞ-ın Nyu-York şəhərində ilk dəfə müsəlman mer seçilib.
Civilazerbaijan.com bildirir ki, Demokratlar partiyasından namizəd olan 34 yaşlı Zohran Mamdani eyni zamanda şəhərin son bir əsrlik tarixində ən gənc mer olacaq.
Özünü demokratik sosialist adlandıran Mamdani seçicilərə kirayə ev qiymətlərini stabilləşdirməyi, dövlət nəzdində ərzaq dükanları açmağı, minimum əməkhaqqını saatbaşı 30 dollara qaldırmağı və avtobusları pulsuz etməyi vəd edir.
Noyabrın 4-də keçirilən seçkilərdə o, Nyu-York ştatının keçmiş demokrat qubernatoru Endru Kuomo və respublikaçı namizəd Kurtis Sliva üzərində qələbə qazanıb.
Mamdaninin İsraili və ABŞ-nin bu ölkəyə dəstəyini tənqid etməsi seçkilərə beynəlxalq diqqət də cəlb edib. O, İsrailin Qəzzada iki il apardığı müharibəni "soyqırımı" adlandırıb və İsrail baş naziri Benyamin Netanyahunu Nyu-Yorka gələcəyi təqdirdə həbs etməklə hədələyib.
ABŞ prezidenti Donald Tramp kampaniya dövründə Mamdanini "kommunist" və Nyu-York üçün 'təhlükəli şəxs" adlandırıb. O, Mamdaninin seçiləcəyi təqdirdə, Nyu-Yorka federal büdcədən maliyyəni kəsməklə hədələyib.
Uqandada hindistanlı ailədə anadan olan Mamdani 7 yaşında ailəsi ilə birgə ABŞ-yə köçüb. O, 2021-ci ildən Nyu-York Ştat Assambleyasının üzvü olub, ToplumTV-nin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













