Buker mükafatının 2025-ci il üçün qalibinin adı AÇIQLANIB

Xəbərin çap versiyası
Tarix: 11-11-2025, 18:04


2025-ci il Buker mükafatının qalibi David Szalay olub. O, mükafata "Cism" (Flesh) romanına görə layiq görülüb.

Civilazerbaijan.com
bildirir ki, "Reuters"in xəbərinə görə, Saley ingilisdilli dünyada ən yüksək ədəbi mükafatlardan birini alan ilk macar-britaniyalı yazıçı olub.

Qalibin adı noyabrın 11-nə keçən gecə Londonda mərasimdə elan edilib. Münsiflər heyətinin sədri, irlandiyalı dramaturq Roddi Doyl David Szalayın kitabını "qeyri-adi və unikal əsər" adlandırıb.

"Cism" David Szalayın altıncı romanıdır. Kitabda İştvan adlı gənc macardan söz açılır. Fəhlə sinfindən olan İştvan hərbi xidmətdən sonra Londona köçür, zənginlər üçün işləməyə başlayır. Bu, yoxsulluqdan var-dövlətə aparan bir yolun, sinfi fərqlərin, gücün təbiətinin hekayəsidir. Szalayın özünün sözlərinə görə, o, "müasir Avropa və onu xarakterizə edən mədəni və iqtisadi fərqlər" haqqında bir kitab yazıb.

Qeyd edək ki, David Szalay 1974-cü ildə Kanadada anadan olub. Yaradıcılığa radio-dram yazmaqla başlayan Szalayın ilk kitabı hekayələrdən ibarət “Turbulence ” kitabı olub.

Buker mükafatının dəyəri 50 min funt sterlinqdir. Mükafat 1969-cu ildən bəri hər il Böyük Britaniya və ya İrlandiyada nəşr olunmuş ən yaxşı ingilisdilli kitaba təqdim olunur. Bu il mükafat uğrunda 150-dən çox yazıçı mübarizə aparıb.

Bu il ədəbiyyat üzrə Nobel mükafatı da macarıstanlı yazıçıya verilib. Laslo Krasnahorkai mükafata "apokaliptik terrorun ortasında sənətin gücünü təsdiqləyən təsirli və konseptual yaradıcılığına görə" layiq görülüb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz