ABŞ Maduronu necə ələ keçirib - "Mütləq qətiyyət" əməliyyatının təfərrüatı

Xəbərin çap versiyası
Tarix: Dünən, 17:26


ABŞ xüsusi təyinatlı "Delta Force” bölməsinin Karakasa həyata keçirdiyi əməliyyat nəticəsində Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores saxlanılıb. Venesuelanın paytaxtında 2 saat 28 dəqiqə davam edən "Mütləq qətiyyət” əməliyyatı zamanı 40 venesuelalı həlak olub.

Civilazerbaijan.com
bildirir ki, sübh çağı keçirilən reyd zamanı helikopterlərdən iplərlə enən "Delta Force” döyüşçüləri Maduronun polad qapılı təhlükəsiz otağa sığınmasına saniyələr qalmış müdaxilə ediblər.

Əməliyyatla bağlı məlumat verən ABŞ rəsmiləri bildiriblər ki, Maduro və həyat yoldaşı yataq otaqlarından çıxarılarkən yerdə sürükləniblər. Aylarla davam edən Mərkəzi Kəşfiyyat İdarəsinin hazırlığı və xüsusi təyinatlı qüvvələrin ciddi təlimindən sonra həyata keçirilən əməliyyat Venesuelada ağır insan itkisinə səbəb olub və beynəlxalq aləmdə geniş rezonans doğurub.

Venesuelalı mənbələr MKİ-yə məlumat ötürüb

Donald Tramp administrasiyası Nikolas Maduronun saxlanılması üçün aylar öncə hazırlıqlara başlayıb. Avqust ayında Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) bağlı kiçik bir qrup gizli şəkildə Venesuelaya daxil olub. ABŞ-ın Karakasdakı səfirliyi bağlı olduğu üçün agentlər son dərəcə riskli şəraitdə fəaliyyət göstəriblər.

MKİ əməkdaşları aylarla ifşa olunmadan paytaxtda işləyib, əldə edilən məlumatlar pilotsuz uçuş aparatları və yerli mənbələrdən gələn bilgilərlə dəstəklənib. ABŞ Baş Qərargah rəisi general Den Keyn bildirib ki, MKİ-nin topladığı məlumatlar sayəsində Maduronun gündəlik hərəkətləri ən xırda detallara qədər xəritələndirilib.

ABŞ rəsmilərinə görə, MKİ-nin təqdim etdiyi kəşfiyyat məlumatları olmasaydı, Venesuela liderinin tutulması mümkün görünmürdü.

Trampın Maduro ilə telefon danışığı

Əməliyyatdan bir həftə əvvəl Donald Tramp Nikolas Maduro ilə telefon danışığı apararaq ona vəzifədən getməli olduğunu bildirib. Bu danışıq zamanı Venesuela sahillərində ABŞ hərbi donanmasına məxsus gəmilər yerləşdirilmişdi və MKİ qrupları ölkə daxilində fəaliyyətini davam etdirirdi.

"Washington Post”un yazdığına görə, Tramp Mar-a-Laqoda keçirdiyi mətbuat konfransında Maduraya "təslim olmalısınız” dediyini açıqlayıb. Trampın sözlərinə görə, Maduro bir anlıq təslim olmağa çox yaxın olub, lakin son anda geri çəkilib.

Maduronun ABŞ təzyiqi ilə vəzifəni tərk etməməsi gizli planın son mərhələsini işə salıb. Cümə günü ABŞ vaxtı ilə saat 22:46-da Tramp əməliyyatın başlanması üçün yekun əmr verib. Rəsmilər əməliyyatı narkotik qaçaqmalçılığına qarşı mübarizə adı altında əsaslandırıblar.

Geniş hazırlıq mərhələsi

Əməliyyatdan əvvəl xüsusi təyinatlı qüvvələr intensiv təlimdən keçib. "Delta Force” döyüşçüləri Kentukki ştatında Maduronun iqamətgahının tam ölçülü maketində məşqlər aparıb, polad qapıların partladılması üzrə sınaqlar keçiriblər. Tramp bildirib ki, hazırlıq prosesi 2011-ci ildə Usamə bin Ladenin məhv edildiyi əməliyyatla müqayisə ediləcək səviyyədə aparılıb.

Bu müddətdə dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, MKİ direktoru Con Ratkliff və Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller də prosesdə fəal iştirak edib.

Əməliyyatın vaxtı hava şəraitinə görə dəfələrlə dəyişdirilib. Güclü külək və buludlu hava hücumu gecikdirib. Nəhayət, cümə günü hava şəraiti uyğunlaşdıqdan sonra əməliyyata start verilib.

Karakasa hücumun detalları

Şənbə gününün sübh çağında əməliyyat kiberhücumla başlayıb. Nəticədə Karakasın böyük hissəsində elektrik enerjisi kəsilib və bu, ABŞ təyyarə və helikopterlərinin aşkarlanmadan yaxınlaşmasına şərait yaradıb. 150-dən çox hərbi hava vasitəsi 20 müxtəlif baza və döyüş gəmilərindən havaya qalxıb.

Səhər saatlarında ABŞ döyüş təyyarələri Venesuelanın radar və hava hücumundan müdafiə sistemlərini vurub. Şəhərdə güclü partlayışlar qeydə alınıb. Hava müdafiəsi sıradan çıxarıldıqdan sonra "Delta Force”u daşıyan helikopterlər üçün təhlükəsiz dəhliz açılıb.

Maduronun tutulması

Yerlı vaxtla saat 02:01-də helikopterlər Maduronun iqamətgahına yaxınlaşarkən Venesuela hərbçiləri atəş açıb. ABŞ tərəfi cavab olaraq "əzici güc” tətbiq edib. Bir helikopter vurulub, əməliyyat zamanı bir neçə ABŞ əsgəri yaralanıb.

Xüsusi təyinatlılar ip vasitəsilə yerə enərək binaya daxil olub. Partlayıcı maddələrlə qapılar açıldıqdan cəmi üç dəqiqə sonra Maduronun olduğu məkana çatılıb. Maduro və həyat yoldaşı poladla möhkəmləndirilmiş təhlükəsiz otağa qaçmağa çalışsa da, buna nail ola bilməyiblər.

Tramp bildirib ki, Maduro təhlükəsiz otağın qapısını bağlamağa çalışsa da, qapının ağır olması və sürətli hücum buna imkan verməyib. "Delta Force” binaya daxil olduqdan təxminən beş dəqiqə sonra Maduronun saxlanılması başa çatıb.

Maduro və həyat yoldaşı sürüklənərək aparılıb

"CNN International”a danışan mənbənin bildirdiyinə görə, Nikolas Maduro və Siliya Flores yataq otaqlarından çıxarılarkən sürükləniblər. Daha sonra helikopterlərlə ABŞ hərbi qüvvələrinin qərargahına aparılıblar. Karakas vaxtı ilə saat 04:29-da cütlük Venesuela sahillərindən təxminən 160 kilometr aralıda yerləşən "USS Iwo Jima” döyüş gəmisinə köçürülüb, ordan isə Quantanamo körfəzinə nəql edilib.

Ən azı 40 nəfər həlak olub

Şənbə günü keçirilən əməliyyat zamanı, hərbçilər və mülki şəxslər də daxil olmaqla, ən azı 40 nəfər həyatını itirib. Yaralıların sayı ilə bağlı rəsmi məlumat verilməyib. Əməliyyatın hüquqi tərəfi ilə bağlı müzakirələr isə hələ də davam edir, Qaynarinfonun məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz